QAT rəhbərliyi İğdır və Qarsda görüşlər keçirib

1 Oktyabr 2015 15:20 (UTC+04:00)

Qarabağ Azadlıq Təşkilatının (QAT) nümayəndə heyəti Türkiyəyə səfəri davam edir. Qars şəhərində olan heyət əvvəlcə "Şəhid və Qazi Ailələri Yardımlaşma və Dayanışma" dərnəyində olub. Dərnəyin rəhbəri Möhsün Akçay rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb ətraflı məlumat verərək, heyətə çox səmimi münasibət göstərib. QAT sədri Akif Nağı səfərlərinin məqsədini qeyd edib, dərnəyə Qarabağ həqiqətlərinə dair "Qarabağ müharibəsi. Qısa tarix", "Xocalı Soyqırımı", "Quba məzarlığı – erməni cinayətlərinin qanlı izi", "Qarabağ gündəliyi" və digər kitabları, həmçinin, "Yaddaş" sənədli filminin nüsxələrini təqdim edib. "Yaddaş" sənədli filminin rejissoru Elxan Xanəlizadə yaradıcı heyətin işi, filmin məzmunu və məqsədi ilə bağlı məlumat verib. QAT-ın Türkiyə təmsilçiliyinin rəhbəri Cəfər Dal iki qardaş ölkənin ümumi problemləri, birgə mücadilə təcrübəsi, görüləcək işlərdən danışıb.


QAT nümayəndələri sonra Türkiyənin tanınmış ictimai-siyasi xadimi, Azərbaycanın vurğunu Turqut Zamanı ziyarət edərək, maraqlı və səmərəli müzakirələr aparıblar. Daha sonra Qars Bələdiyyə başqanı Murtaza Qaraçanta ilə görüşüblər. Görüşdə Bələdiyyə başqanına səfərin məqsədi ilə bağlı məlumat verilib, Qarabağ həqiqətlərinə dair kitablar, "Yaddaş" sənədli filminin nüsxələri təqdim olunub.

Qeyd edək ki, "Qarabağ təbliğat turu" çərçivəsində Türkiyəyə edilən səfər İğdır bölgəsindən başlayıb. İğdırda olan QAT-çılar əvvəlcə "Əsassız erməni iddialarına qarşı mücadilə dərnəyi"ndə (ASİMDER) olublar. ASİMDER-in ofisində görüş keçirilib, dərnəyə Qarabağ həqiqətlərinə dair müxtəlif kitablar, "Yaddaş" sənədli filminin nüsxələri təqdim olunub. Sonra nümayəndələr "Ermənilər tərəfindən qətl edilən şəhid türklər anıt və muzeyi"ndə olaraq, şəhidlərin əziz xatirələrinə dualar oxuyub, abidəyə tər qərənfillər düzüblər. Muzeyin eksponatları ilə tanış olan təşkilat üzvlərinə ermənilərin dəhşətli cinayətləri haqqında geniş məlumat verilib. QAT üzvləri daha sonra yerli ictimaiyyət nümayəndələri ilə birlikdə İğdır vilayətinin Tuzluca rayonunun giriş qapısında toplaşaraq, növbəti erməni təxribatına kəskin etiraz ediblər. Belə ki, Tuzluca rayonunun giriş qapısında türk, ingilis, kürd dili ilə yanaşı, erməni dilində də "Xoş gəlmisiniz", "Gülə-gülə" sözləri yazılıb. ASİMDER rəhbəri Göksel Gülbey, QAT sədri Akif Nağı, ASİMDER İdarə Heyətinin üzvü Hüseyin Kəsəmən çıxış edərək, bu hərəkətin növbəti erməni təxribatı olduğunu və bu təxribatın qarşısının alınmasının vacibliyini vurğulayıblar.

Çıxışçılar onu da bildiriblər ki, Tuzluca rayonunun on minlərlə əhalisinin 60 faizini Azərbaycan türkləri təşkil etdiyi halda, burada tək bir nəfər erməni belə yaşamayıb və hazırda da yaşamır. Deməli, bu təşəbbüsü edənlər siyasi məqsəd güdürlər. Aksiyada həmçinin ASİMDER İdarə Heyətinin üzvü Hacı Qurban Oluz, "İğdırın səsi" qəzetinin baş redaktoru Ərxan Hacıqasımoğlu, QAT İdarə Heyətinin üzvləri Rəhman Cəfərov, Hüseyn Hüseynov, "Yaddaş" sənədli filminin rejissoru Elxan Xanəlizadə və digərləri iştirak ediblər. Aksiyanı işıqlandırmaq üçün "Anadolu agentliyi" (AA), "İhlas Xəbər Agentliyi" (İHA), "İğdır" qəzeti və digər media nümayəndələri hadisə yerində olublar. Qeyd edək ki, aksiya zamanı hadisə yerinə gələn Tuzluca polis rəisi və bələdiyyə nümayəndələri bu barədə rayon rəhbərliyinə məlumat verəcəklərini bildiriblər.