Lizinqdə ən böyük problem

1 Oktyabr 2015 15:50 (UTC+04:00)

"Bu gün lizinq şirkətlərinin ən böyük problemlərdən biri maliyyə vəsaitinin cəlb edilməsidir". Bunu MCB Lizinq şirkətinin İdarə Heyətinin sədri Rəmal Cəfərov deyib. "Düzdür, ötən 5 ildə biz bu sahədə müəyyən nailiyyətlər əldə etmişik, xarici bankdan 5 milyon ABŞ dolları, yerli bank və sığorta şirkətlərindən 4 milyon manata yaxın vəsait cəlb olunub. Beynəlxalq Maliyyə Korporasiyasından 3 milyon ABŞ dolları həcmində vəsaitin cəlb olunması ilə bağlı razılıq əldə edilib. Xarici səhmdar bankımız bu günə qədər 2 milyon ABŞ dolları həcmində kapital qoyuluşu həyata keçirib və bu yaxınlarda əlavə 2.5 milyon ABŞ dolları kapital qoyuluşu barədə qərar verib. Bütün bu vəsaitlərin demək olar ki, hamısı kiçik və orta sahibkarlar (KOS) müştərilərinin maliyyələşməsinə sərf edilib. Lakin bazarın təhlili göstərir ki, KOS müştərilərin ehtiyaclarını qarşılamaq üçün daha çox vəsaitə ehtiyac duyulur",- o deyib.

Rəmal Cəfərov təklif edir ki, lizinq şirkətlərinə maliyyə vəsaitləri ayrılsın, dövlətin KOS müştərilərinin inkişafına ayırdığı maliyyə resurslarının istifadəsində lizinq şirkətləri də iştirak etsin.

"Əgər dövlət tərəfindən maliyyə dəstəyi verilərsə, vergi sistemində güzəştlər, xüsusən ödənilmiş ƏDV-ni əvəzləşdirmək imkanı, gömrük rəsmiləşməsində ölkəyə gətirilən lizinq obyektlərinin idxal vergisindən (rüsumundan) azad edilməsi və ya güzəştlərin tətbiqi, həmçinin lizinq obyektinin elektron və rahat qaydada qeydiyyatı ilə bağı imkanlar yaradılarsa, lizinq fəaliyyəti qısa müddətdə çox sürətlə inkişaf edər".

Qeyd edək ki, MCB Lizinq artıq 6 ildir fəaliyyət göstərir. Qeyri-neft sektorunda fəaliyyət göstərən kiçik və orta sahibkarlar şirkətin hədəf müştəridir.