Avropa Parlamentinin qərəzli qətnaməsinə Fransadan da sərt etiraz gəldi

2 Oktyabr 2015 07:00 (UTC+04:00)

Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnaməyə Qərb dünyasında çıxanların sayı artır. Hesab edilir ki, bu qətnamə daha çox Avropanın özünün maraqlarına ciddi xələl gətirir. Bu sırada Avropa mediasında yer alan fikirlər də xüsusi maraq doğurur.

Məsələn, Avropa ölkələrində geniş oxucu kütləsinə malik "European Business Review" jurnalının elektron səhifəsində Avropa Parlamentinin qərəzli qətnaməsi pislənir. Məqalənin müəllifi Martin Banks bu qətnamənin qəbulu ilə əlaqədar Azərbaycanda atılan müvafiq addımlar barədə məlumat verir. O bildirir ki, Azərbaycanın bu məsələdə mövqeyi Avropa Parlamentinin müxtəlif siyasi partiyalardan olan bir çox deputatları tərəfindən dəstəklənir. Onlardan biri - Avropa Xalq Partiyasının rumıniyalı deputatı xanım Ramona Manesku deyib ki, Avropa İttifaqı və Azərbaycan birlikdə işləməyə davam etməlidirlər. Deputat əlavə edib ki, bu əməkdaşlıq nəinki enerji sektoru, həmçinin insan hüquqları kontekstində qarşılıqlı faydalıdır. O, Azərbaycanın bir sıra beynəlxalq sazişlərə qoşulduğunu qeyd edib, bu ölkənin rəhbər tutduğu demokratik dəyərləri yüksək qiymətləndirib: "Mən inanıram ki, Azərbaycanla dialoqun qorunması və əməkdaşlığın genişlənməsi Avropa İttifaqının tutmalı olduğu yeganə yoldur".

Fransanın nüfuzlu "Le Nouvel Observateur" qəzetində də Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnaməsini tənqid edən məqalə dərc olunub. Məqalədə deyilir ki, Avropa Parlamenti bu qətnaməni qəbul edərkən gələcəkdə Azərbaycanın Avropa İttifaqının əsas ticarət potensialı ola biləcəyini unudub: "Əgər Avropa Parlamenti özünü insan hüquqlarının keşişçisi hesab edirsə və gələcəkdə Bakı ilə müxtəlif formada əlaqələrini gücləndirmək istəyirsə, beynəlxalq münasibətlərdə vacib sayılan fundamental amilləri nəzərə almalıdır. Beynəlxalq münasibətlərdə təhdid qarşılıqlı münasibətlərə əks təsir göstərir. Beləliklə, sual yaranır ki, Avropa İttifaqının bu üsullardan şərq sərhədlərində yerləşən dövlətlərə qarşı istifadəsi nə dərəcədə onun maraqlarına cavab verir? ".

Məqalənin müəllifi İlan Scialom qeyd edir ki, Azərbaycan Cənubi Qafqazda yerləşən yeganə Şərq Tərəfdaşlığı ölkəsidir ki, nə Avropa İttifaqı ilə, nə də Avrasiya İqtisadi Birliyi ilə əməkdaşlığa dair assosiativ saziş imzalayıb: "Avropa Parlamentinin qəbul etdiyi bu qətnamə Azərbaycanla münasibətlərin soyumasına səbəb olur. Eyni zamanda, belə bir qətnamənin qəbul edilməsi digər qonşu dövlətlərə mənfi siqnal verir və onlarda bu cür sənədin növbəti qurbanının hansı ölkə olacağı düşüncəsini yaradır".

Məqalədə bildirilir ki, Azərbaycan Avropa İttifaqı üçün regionda mühüm rol oynaya biləcək ölkədir, mühüm strateji coğrafi mövqeyə malikdir: "Bir neçə digər mühüm amillərlə də Azərbaycanın Avropa İttifaqı üçün əlverişli ölkə olduğunu sübut etmək mümkündür. Bu sırada TAP və TANAP layihələri vasitəsilə enerji təminatı, Xəzər dənizi vasitəsilə Türkmənistan qazının Avropa İttifaqı ölkələrinə çatdırılması və eləcə də Azərbaycanın regionda terrorizmə qarşı mübarizəsi vurğulanmalıdır. Bununla belə, ilk dünyəvi müsəlman ölkəsi olan Azərbaycan Avropadakı tərəfdaşlarından demokratik dəyərlərin təbliğinə dair aydın strategiyanın ortaya qoyulmasını gözləyir".