Qədim hindular telefondan istifadə ediblər

2 Oktyabr 2015 00:30 (UTC+04:00)

Dünyada ilk telefon nümunələri 1883-cü ildə meydana çıxıb. Bununla belə, Peruda yerləşən qədim Çan-Çan şəhərinin xarabalıqlarında rabitə yaratmağa xidmət edən qurğu tapılıb. Onu burada məskunlaşan Çimu hinduları hazırlayıblar. Ekspertlərin hesablamalarına görə, aparatın yaşı 1200-1400 ildir.

Xatırldaq ki, səsin müasir telefoniyada istifadə edilən elektrik siqnalları vasitəsilə ötürülmə prinsipi 1849-1853-cü illərdə Paris teleqrafının mühəndis-mexaniki və müfəttiş müavini Şarl Bursel tərəfindən hazırlanıb. Sonrakı illərdə Antonio Meuççi və İohan Filipp Reys musiqi və insan səsinin naqillər üzrə ötürülməsinə imkan verən ixtira ilə bağlı müraciət ediblər.

Amma səsötürücü qurğunun daha mükəmməl variantını 1876-cı ildə Aleksandr Bell təklif edib. Düzdür, o, özünün kəşfini "Danışan teleqraf" adlandırıb, onda zəng səsi olmayıb. Bunu aparatlara 1878-ci ildə Bellin həmkarı T.Uotson tətbiq edib. Telefonun ixtiraçısı uzun müddət Bell hesab edilsə də, yalnız 2002-ci ildə ABŞ Konqresi telefon ixtiraçısı hüququnun Antonio Meuççiyə məxsus olduğunu qəbul edib.

Amma əbəs yerə deməyiblər ki, bütün yeniliklər yaddan çıxmış köhnə şeylərdir. Yuxarıda sözügedən artefakt əvvəllər arxeologiya ilə ciddi maraqlanan və ötən əsrin 30-cu illərində Peru ərazisində aparılan qazıntı işlərində iştirak edən prussiyali baron Valram fon Şelerə məxsus olub. Baron çoxlu tapıntı kolleksiyası toplyaıb və sonra onları muzeylərə təhvil verib. "Telefon" Merilenddə yerləşən Hinduların Milli Muzeyinə düşüb.

Doğrudur, tapıntı müasir telefona çox az bənzəyir. O, XIX əsrdə populyar olmuş "sevgililər telefonu"na daha yaxındır. Həmin "telefon"u, bir qayda olaraq, bir-birilə birləşdirilmiş iki konserv bankasından hazırlayıblar. Primitiv konstruksiyasına baxmayaraq, "sevgililər telefonu" danışığı kiçik məsafələrə- məsələn, bu cür "telefon" sahibləri bir-birilə qonşu olublarsa- ötürə bilib.

Çimu hindularının istifadə etdikləri aparat isə hər birinin uzunluğu 8,9 santimetrə çatan iki balqabaqdan ibarət olub və onlar bir-biri ilə 22,8 m uzunluğu olan pambıq iplikdən olan qaytanla birləşib. Səs ötürücüsü və qəbuledicisi rolunu oynayan hər iki balqabağa rezinəbənzər maddə sürtülüb və dəridən olan pərdələrlə təchiz edilib. Göründüyü kimi, həmin dövrlər üçün bu, kifayət qədər inkişaf etmiş ixtira olub.

Maraqlısı budur ki, Perunun şimalındkı Rio-Moçe vadisində məskunlaşan çimu hindularının yazısı olmayıb. Buna baxmayaraq, onlarda kifayət qədər inkişaf etmiş sivilizasiya olub. Onların dövlətinin adı Çan-Çan paytaxt olmaqla ("Çan" tərcümədə "Günəş" deməkdir) Çimor adlanıb. Çan-Çan hindular tərəfindən inşa edilmiş böyük Cənubi Amerika şəhəri olub. Onun ərazisi, az qala, 20 kvadrat kilometrə, əhalisi isə 100 000 nəfərə çatıb.

Şəhərdəki evlər günəş şüalarının altında qurudulmuş gildən tikilib və çoxsaylı heykəllər, qabarıq relyef və ornamentlərlə bəzədilib.

Mərkəzi And Dağları üzrə mütəxəssis Matos bildirir ki, çimu hinduları mühəndislik biliklərinə malik olublar. Şəhərdə metal məmulatlar, hidravlik suvarma sisteminin qalıqları və digər artefaktlar tapılıb.

Məlumdur ki, Çimor dövləti özünün çiçəklənmə dövrünə, təqribən, 900-cu ildə çatıb, lakin 1470-ci ildə bu torpaqların inklər tərəfindən işğalından sonra tənəzzülə uğrayıb.

Maraqlıdır ki, "telefon"dan yalnız bir ədəd aşkar edilib. Bu isə, onun ancaq bir variantda mövcud olduğunu göstərə bilər. Matos güman edir ki, görünür, bu, elita nümayəndələrinə məxsus olub, o dövrdə isə kahinlər bu təbəqəyə məxsus olublar.

Artefaktın təyinatı isə hələlik məlum deyildir. Istisna deyildir ki, "telefon"dan adi adamalara təsir etmək üçün istifadə edilib, çünki naməlum yerdən çıxan səs adi vətəndaşalara kahinlərin ilahi mahiyyətini inandırmalı idi. Bu isə onlara kütləni idarə etməkdə kömək edərdi.

Bundan başqa, qurğu "ali dərəcəli" kahinlər və onların köməkçiləri arasında əlaqə yaratmağa imkan yarada bilərdi. Bu,çox münasib idi, çünki kahin göstəriş vermək üçün müəyyən yerlərə gedə bilməzdi.

Üçüncü versiya da var- "telefon", əslində, uşaqlar üçün oyuncaq olub. Indi də bu cür oyuncaqlar vardır. Amma unutmaq olmaz ki, uşaq telefonları, hər halda, əsl aparatların oxşarı olur.

Bir sözlə, düşünmək üçün səbəblər var...

Təəssüf ki, qədim telefonu yoxlamaq mümkün deyildir: balqabaq çox kövrəkdir. Bununla belə, qədim dövrdə müasir rabitə vasitələrini xatırladan qurğunun olması faktı çox maraqlıdır və növbəti dəfə tarixi araşdırmalar üçün yol açır.