Rusiya Azərbaycandan daha çox meyvə-tərəvəz almaq istəyir

2 Oktyabr 2015 08:05 (UTC+04:00)

Rusiyanın Sverdlovsk vilayətində Azərbaycandan idxal olunan meyvə və tərəvəzlər üçün logistika mərkəzi yaradılacaq. Ardınca daha bir neçə vilayətdə də belə logistika mərkəzinin yaradılması nəzərdə tutulur. Bütün bunlar isə Azərbaycandan Rusiyaya daha çox meyvə və tərəvəz ixracına hesablanıb.

Ümumiyyətlə, Azərbaycan Rusiyanın meyvə və tərəvəz məhsulları ilə təmin edilməsində mühüm rola malikdir. Bu ölkəyə Qərbin tətbiq etdiyi sanksiyalar və ona cavab olaraq Moskvanın Avropadan meyvə və tərəvəz idxalına embarqo qoyması Azərbaycana imkan verdi ki, şimala daha çox miqdarda həmin məhsullardan göndərsin. Hazırda yaradılan loqistika mərkəzləri ən azından gətirilən meyvənin uzun müddət keyfiyyətli şəkildə qalmasına şərait yaradacaq.

Əməkdar kənd təsərrüfatı işçisi Çingiz Fərəcovun fikrincə də, yaradılan loqistik mərkəzləri ölkəmizdən Rusiyaya meyvə və tərəvəz ixracının artmasına stimul verə bilər: "Vaxtilə Azərbaycandan meyvə və tərəvəz məhsulları Rusiyanın müxtəlif bölgələrinə vaqonlarla daşınırdı. O vaxtlar Rusiyada belə loqistik mərkəzlər olmayıb. Ona görə də göndərilən tərəvəz və meyvənin 25-30 faizi tullantı kimi atılırdı. Belədə çətinliklər yaranırdı. Tərəvəzin keyfiyyəti 67-70 faiz dərəcəsində qiymətləndirilirdi. İndi isə böyük imkanlar yaradılıb. Ona görə də Rusiyanın Sverdlovsk və başqa vilayətlərində loqistik mərkəzlərin yaradılmasını məqsədəuyğun sayıram. Düzdür, həmin obyektlərin kimin hesabına tikiləcəyini deyə bilmərəm. Həmin obyektlərin Rusiya hesabına tikilməsi daha yaxşı olardı. Azərbaycanın hesabına tikiləcəksə, maliyyə cəhətlərinə diqqət yetirmək lazımdır. Loqistik mərkəzlərdə gətirilən meyvə-tərəvəz yığılacaq, buradan da Rusiya şəhərlərinə tədricən tələb olunan səviyyədə satışa buraxılacaq. Belə mərkəzlərdə temperatur tənzimlənir, meyvə və tərəvəzin vaxtından əvvəl xarab olmasına imkan verilmir, məhsullar standarta uyğun olaraq yerləşdirilir.

Belə loqistik mərkəzlərinin olması Azərbaycandan Rusiyaya tərəvəz və meyvə məhsullarının ixracının xeyli dərəcədə artmasına və onun hesabına Azərbaycan sahibkarlarının gəlirlərinin artmasına ciddi təsir göstərəcək".

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirdi ki, loqistik mərkəzlər yaradılmamışdan öncə, məhsulun keyfiyyəti və maya dəyərinin aşağı olması kimi məsələlərə diqqət yetirilməldir: "Bir ölkənin istehsal etdiyi məhsulu digər ölkəyə ixrac etməsi üçün istehsal edilən məhsulun rəqabət qabiliyyətli olması vacibdir. Yəni, məhsulun maya dəyəri, satış qiyməti göndərilən ölkədəki bazarda mövcud olan qiymətdən yüksək olmamalıdır. İndiyə kimi Rusiya bazarında Azərbaycan meyvə və tərəvəzinin satılmasında münbit şərait var idi. Rusiya bu sahədə ciddi nailiyyətlər əldə edə bilməmişdi. O cümlədən qonşu ölkələr də Rusiyaya bu adda meyvə, tərəvəz ixrac etmək iqtidarında deyildi. Çünki, onlarda da ciddi istehsal səviyyəsi yox idi. Son zamanlar isə apardığımız araşdırmalar onu göstərir ki, Rusiyanın Şimali Qafqaz bölgəsində, Dağıstan, Çeçenistan, Rostov, Krasnodar, Stavropol vilayətlərində meyvə və tərəvəz istehsalı çox sürətlə artır. Bu da ciddi şəkildə özünü göstərməyə başlayıb. Digər tərəfdən, Sverdlovsk vilayətinə Özbəkistan və Qazaxıstandan daha çox meyvə və tərəvəz göndərilir. Son zamanlar Qazaxıstan taxıl ixracını azaldaraq, meyvə, tərəvəz istehsalına daha çox fikir verməyə başlayıb. Ona görə də Azərbaycan ilk növbədə hansı ölkədəsə loqistik mərkəzin yaradılması və orada dominantlığı əldə edəcəyi barədə düşünməməlidir. Dominantlığı əldə etmək üçün ölkə bazarına keyfiyyətli, maya dəyəri aşağı olan məhsul istehsal etmək gərəkdir. Belə olan halda bizim digər ölkələrdə birgə bazar yaratmağa ehtiyacımız da olmayacaq. Çünki, digər ölkələrin sahibkarları özləri Azərbaycana üz tutaraq burada yerli fermerlərlə sövdələşmə əsasında onların məhsulunu ixrac etmək barədə düşünəcəklər. Azərbaycanda bu il xurma və alma ixracı barədə düşünən yoxdur. Əvvəllər isə bu dövrdə xaricə həmin məhsulu çıxarmaq istəyən sahibkarlar sifariş verirdi. Loqistik mərkəzlərin yaradılmasından öncə dediyim kimi, keyfiyyətli, maya dəyəri aşağı olan məhsullar istehsal etmək lazımdır ki, gedib sağ-salamat satış məntəqələrinə çatsın. Çəkilən xərci istehsala yönəltmək, burada qablaşdırmanı yüksək səviyyədə təşkil etmək lazımdır. Bunlar olarsa, xaricə meyvə və tərəvəz ixracı da arta bilər. Çünki, bu halda xaricilər ölkəmizdən meyvə və tərəvəz almaqda maraqlı olacaq".