Suriyadan Qafqaza uzanan təhlükə

2 Oktyabr 2015 09:00 (UTC+04:00)

Artıq Rusiya Suriyada İŞİD qüvvələrinə qarşı zərbə endirməyə başlayıb. Buna cavab olaraq İŞİD tərəfdarlarını Rusiyanın Şimali Qafqaz bölgəsində fəallaşması istisna olunmur. Belə vəziyyət Şimali Qafqaza yaxın ölkələrə, o cümlədən Azərbaycana hansısa təhdidlər yarada bilərmi?

Politoloq Qabil Hüseynli Moskvanın atdığı addımın ardınca İŞİD-in ona cavab olaraq Şimali Qafqazda fəallaşmağa çalışacağını istisna etmədi: "Çox təəssüf ki, Rusiya hərbi təyyarələri hələlik İŞİD-ə qarşı mübarizə adı altında heç də onun nəzarət etmədiyi əraziləri bombalayıb. Yəni, onlar İŞİD-lə mübarizə aparacağını vəd etsə də, bu baş vermir. Hər halda Rusiyanın bu hərəkəti İŞİD-I qıcıqlandırır. İŞİD-in sıralarında Şimali Qafqazdan gedən xeyli insan var. Bu qüvvələrin ən azı 20 faizinin məhz Şumali Qafqazdan gələnlərdən ibarət olduğu bilinir.

Çeçen səhra komandirlərinin bir çoxu da İŞİD tərkibində döyüşür. Onlar tez-tez Çeçenistana sifariş göndərərək bildirirlər ki, tezliklə bu torpaqlara da gələcəklər. Belədə görürük ki, Moskva bu hərəkəti ilə əslində "arının yuvasına çöp salıb". Güman edirəm ki, Rusiyanı narahat etmək üçün İŞİD-in Şimali Qafqazda müəyyən əməliyyatları gec-tez özünü göstərəcək. Bu, həm də Çeçenistanda yenidən milli-azadlıq hərəkatının başlanmasına səbəb ola bilər. Həmin nöqteyi-nəzərdən düşünürəm ki, Rusiyanın Suriya hadisələrinə müdaxiləsi zəncirvari reaksiya verməklə, Şimali Qafqaz və ona yaxın ərazilərdə də müxtəlif reflekslər yarada bilər. Azərbaycandan da İŞİD tərkibində olanlar var. Amma ölkəmizdə İŞİD-ə qarşı ciddi mübarizə gedir. Bu fonda zənn etmirəm ki, hər hansı İŞİD qüvvəsi Azərbaycanda silahlı şəkildə peyda olsun. Belə olarsa, onların zərərsizləşdirilməsi də an məsələsi olacaq".

Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev da qeyd etdi ki, İŞİD-in bölgəmizə nüfuz etmə imkanları var: "Hələlik İŞİD-in əsas qayğısı Rusiya aviazərbələri və digər hücumlardan özünü qorumaq olacaq. Görək, bu zərbələrin nəticələri İŞİD və onun imkanlarını hansı vəziyyətə gətirəcək. Onlar təkcə terrorçu deyil, həm də hərbi və terror həmlələrini təşkil etməkdə böyük praktikaya malikdirlər. Yəni, onlar da düşünəcək. Amma istisna deyil ki, Rusiyanın ünvanına təhdidlər səsləndirə bilərlər. Bu əvvəllər də olub. Rusiya deyir ki, dünya birliyi İŞİD-i kökündən məhv etməlidir. Amma söhbət təkcə İŞİD-dən getmir.

Burada geopolitik qarşıdurmadan irəli gələn bəzi hədəflər də var. Zənnimcə, Rusiyanın bu işə qarışması legitim əsasdadır və dünya da buna qarşı çıxa bilmir. Amma bunun nəticəsində İŞİD tamamilə məhv olacaqmı, bunu demək çətindir. Aviazərbələrlə problemi həll etmək mümkün idisə, maraqlı tərəflər bunu çoxdan edə bilərdi. Yəni, burada başqa mətləblər də var.


İstənilən terrorçu təşkilatın hədəfində olan dövlətə təhlükə həmişə real olaraq qalır. Bunu dünyada tanınan terrorçu təşkilatların taktikasından görmək olar. İŞİD-lə bağlı situasiya böyük rezonans doğurduğu üçün dövlətlər və onların müvafiq orqanları xüsusi kəşfiyyat hazırlıqlarını öz işlərində taktiki-strateji hədəf kimi bir nömrəli vəzifə hesab edir və bu əsasda da ona hazırlaşırlar. O cümlədən Rusiya da. İŞİD-in bura nüfuz etmək imkanları da çoxdur. Onlar bunu müxtəlif yollarla edə bilər. Hədəf olaraq bunu seçsələr, belə bir təhlükə həmişə realdır. Rusiyanın özündə keçən əsrin 90-cı illərindən başlayaraq Çeçenistanda və digər yerlərdə İŞİD-ə oxşar təşkilatlar bu ölkəyə böyük problemlər yaratmışdı. Çeçenistan probleminin həllilə bu məsələlər Rusiya üçün demək olar, qapandı. Amma praktikada belə hallarla üzləşdiyindən Rusiya bu məsələdə çox həssasdır. Onu da nəzərə alaq ki, İŞİD təhlükəsi dünyada geniş rezonans doğurduğundan ünvanına təhdid səslənən istənilən ölkə zənnimcə, ayıq-sayıqdır, çalışırlar ki, belə bir təhlükə ilə üzləşməsinlər. Lakin terrorçu qruplaşmaların nüfuz etmə mexanizmi də məkrli və qorxulu olduğundan, onlar müxtəlif yollarla bunu edə bilir. Onların arsenalında çoxsaylı belə vasitələr var. Avropaya səpələnən qaçqın axınında da həmin qüvvələrdən ola biləcəyinə şübhə edən yoxdur. Onu da deyim ki, aviazərbələrin hədəfə vurulması məsələsi daima mübahisə obyekti olub. Bunu praktikada dəfələrlə görmüşük, indidən həmin zərbələrin dinc insanlara xətalar gətirdiyi haqqında fikirlər səslənir".