Kommunal xidmət sektoru özəlləşdirilir?!

2 Oktyabr 2015 10:00 (UTC+04:00)

Vaxtaşırı gündəmə gələn məsələlərdən biri də kommunal xidmət sektorunun özəlləşdirilməsidir. Həmin sahənin özünümaliyyələşdirmə, özünüidarəetmə və özünüinkişaf prosesinə keçməsinin vacib olduğu da tetz-tez səsləndirilir. Amma nədənsə, hələlik bu istiqamətdə real addımlar atılmır.

Mütəxəssislər də hazırkı dövrdə kommunal xidmətlərin özəl sektora verilməsinin tərəfdarıdırlar. Hesab olunur ki, bu zaman həm dövlətin maliyyə yükü azalar, həm də qiymət-keyfiyyət narahatçılığı ortadan qalxar. İqtisadi Təşəbbüslərə Yardım İctmai Birliyinin ekspert Samir Əliyev bildirir ki, hazırda dünyada gedən əsas tendensiyalardan biri məhz kommunal xidmətlərin özəl sahəyə verilməsidir: "Eyni iqtisadi sistemdə olduğumuz keçmiş SSRİ ölkələrinin əksəriyyətində - Rusiya Gürcüstan, Ukraynada da kommunal xidmətlərin özəl sektora cəlb edilməsi istiqamətində kifayət qədər işlər görülüb. Hətta kommunal xidmətlərin özəl sektora cəlb edilməsinin daha effektiv olması ilə bağlı İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının, Avropa Şurasının müvafiq tövsiyələri var.

Bu sahə digərinlərindən fərqli olaraq sosialyönümlüdür. Eyni zamanda çox gəlirli profil olmadığına görə, o sahəyə maraq az olur. Dövlət isə kommunal xidmətləri üzərinə götürüb, büdcədən milyonlarla manat pul ayırır. Odur ki, özəl sektorun kommunal xidmət sahəsinə cəlb edilməsi vacibdir. Hətta tək kommunal xidmətləri yox, perspektivdə mənzil idarəçiliyinin də öz sektora verilməsinə baxmaq olar. Amma qiymət amili kommunal xidmətlərin özəl sektora cəlb edilməsinin mənfi cəhətlərindəndir. Özəl sektor üçün qazanc ilk sırada gəlir. Dövlət isə bunun tənzimləməsi üçün müvafiq addımlar atmalıdır. Həmçinin, kommunal xidmətlərin özəl sahəyə cəlb edilməsi üçün qanunvercilikdə də dəyişikliklər edilməlidir".

İqtisadçının sözlərinə görə, artıq bu gün lift xidmətinin özəl sektora verilməsi mümkündür: "Eyni zamanda su təsərrüfatı və elektrikin də özəl sektora verilməsinə baxmaq olar".

Digər ekspert Abil Bayramov da kommunal xidmətlərin özəl sektora verilməsini dəstəkləyənlərdəndir: "Bu, dövlətin yükünü azaltmış olacaq. Çünki, bu gün kommunal xidmətlərin saxlanılması əlavə dotasiyalar tələb edir. Bu da dövlət üçün yükdür. Özəlləşmə ən əsası kommunal sahədə xidmət keyfiyyətlərini artıracaq. Məhz bu amil kommunal xidmətlərin özəlləşməsinin ən böyük üstünlüklərindəndir. Digər tərəfdən, bu sahədə haqlı rəqabət mühiti formalaşmasına kömək olacaq".

Abil Bayramov kommunal sektorun bələdiyyələrə həvalə edilməsini təklif edir: "Dünyada da oxşar praktika mövcuddur. Lakin o demək deyil ki, kommunal xidmətin bütün sahələrində bələdiyyə müəssisələri fəaliyyət göstərəcək. Bələdiyyələrin müqavilə bağlamaqla xidmət göstəcək sahələri var. Yəni, hansı xidmətin göstərilməsi ilə bağlı siyasətin müəyyənləşdirilməsi bələdiyyələrə həvalə edirlir.Ancaq xidmətlərin həyata keçirilməsi isə bilavasitə özəl qurumlar tərəfindən olur".