Nazir: "Azərbaycan 20 ildən artıqdır, Ermənistanın işğalçılıq əməllərinə görə effektiv beynəlxalq tədbirlərin görülməsini gözləyir"

2 Oktyabr 2015 11:37 (UTC+04:00)

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunu nazir Elmar Məmmədyarovun BMT-nin 70 illik yubileyi münasibətilə "Beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması" mövzusu üzrə BMT Baş Assambleyasının yüksək səviyyəli tematik debatında çıxışı zamanı deyib.

 

O bildirib ki, BMT-nin öz müqəddəratını müəyyən etmək prinsipi təhdid və ya güc tətbiqi, ərazi ələ keçirilməsi və əhalinin zorla yerdəyişməsi kimi qeyri-qanuni əməllərin gizlədilməsi üçün istifadə edilir: "Bütün dünyada təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsi xüsusilə son iki onillikdə insan itkilərinin artmasına səbəb olub. BMT-nin sülhməramlı fəaliyyətinin əhəmiyyətli şəkildə intensivləşməsi təşkilatın bununla bağlı böyük resurslar sərf etməsinin bariz nümunəsidir. Buna görə də


Biz BMT-nin əsas funksiyaları arasında uzlaşmanın və balansın təmin edilməsini BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin həyata keçirilməsi üçün ilkin şərt hesab edirik. Beynəlxalq münasibətlərdə dövlətlər davamlı inkişaf və əməkdaşlıq, insan hüquqlarına hörmətin təşviq edilməsinə şəraitin yaradılması üçün beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılmasına səy göstərməlidir. İnsan hüquqlarının pozulması hallarının böyük əksəriyyəti bilavasitə və ya bilvasitə silahlı münaqişələr və dövlətlər arasındakı münasibətləri tənzimləyən norma və prinsiplərin kobud şəkildə pozulması ilə bağlıdır. Buna görə, BMT-nin beynəlxalq təhlükəsizliyə inkişaf gündəliyində məsələlərində olduğu kimi eyni enerji və inadkarlıqla yanaşması məqsədəuyğun olardı. Biz dövlətlərin suverenliyi və ərazi bütövlüyünə qarşı təcavüzün, terrorizm, şiddətli ekstremizm və sülhə qarşı digər təhdidlərin qarşısının alınması və aradan qaldırılması üzrə kollektiv tədbirlərin təkmilləşdirilməsi üçün nəzərəçarpacaq təhlükəsizlik hədəflərinin müəyyən olunması ideyasını nəzərdən keçirə bilərik".

 

Nazir bu baxımdan Ermənistan və Azərbaycan arasında davam etməkdə olan münaqişənin qeyd edərək Ermənistanın destruktiv siyasətinin BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə və bütövlükdə təşkilatın özünə ciddi çağırış təşkil etdiyini bildirib: "Ermənistan digər üzv dövlətin suverenliyi və ərazi bütövlüyünə qarşı güc tətbiq etməyə və onun ərazilərini işğal etməyə, mülki Azərbaycan vətəndaşlarına qarşı törətdiyi kütləvi vəhşiliklərə görə cəzasız qalmağa, işğalın hal-hazırkı status-kvosunu möhkəmləndirməyə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamağa və münaqişənin beynəlxalq hüquqa əsasən sülh yolu ilə həllinə mane olmağa davam edir. Azərbaycan iyirmi ildən artıqdır ki, Ermənistan tərəfindən sülhün kobud şəkildə pozulması və işğalçılıq əməllərinə görə effektiv beynəlxalq tədbirlərin görülməsini gözləyir".