Əli Həsənov: Azərbaycanda azad internet mövcuddur, sosial şəbəkələrdə istənilən fəaliyyət azaddır

2 Oktyabr 2015 13:34 (UTC+04:00)

"Azərbaycanda müstəqillik dövründə ümumrespublika səviyyəli 15-ə qədər seçki proseduru həyata keçirilib. Bu proseslərdə mətbuatın iştirakı mütləq şəkildə təmin olunub. Azərbaycanda indiyə qədər keçirilən seçkilər demokratik və ədalətli şəkildə keçib".


Movqe.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri" mövzusunda keçirilən seminar-müşavirədə çıxışında deyib.


Ə.Həsənov qeyd edib ki, ümumilli lider Heydər Əliyev Azərbaycanda KİV sahəsində siyasi plüralistik normaların formalaşmasının təməlində dayanır: "1998-ci il 6 avqust fərmanı ilə ümummilli lider KİV üzərindən bütün tənzimləyici və dövlət idarəedici mexanizmləri götürməklə, ləğv etməklə Azərbaycanda azad sözün, müstəqil medianın təməlini qoydu. Bu gün də Prezident İlham Əliyev bu prinsiplərə əməl edərək Azərbaycanda siyasi plüralistik cəmiyyətin formalaşması və inkişafı istiqamətində bütün addımları atır. Bu gün Azərbaycanda azad internet mövcuddur, sosial şəbəkələrdə istənilən fəaliyyət azaddır və istənilən insan blok açıb, orada öz fikirlərini söyləyə və başqaları ilə bölüşə bilər. Hər bir insan facebook səhifəsində özünü və düşündüyü ideyaları və digər məsələləri təbliğ edə bilər. KİV-lər istədikləri informasiyanı sərbəst şəkildə toplayb yaya bilər, o cümlədən hakimiyyətin yürütdüyü siyasətə tənqidi və yaxud da dəstəkləyici münasibət bildirə bilər. Bu sahədə Azərbaycanda heç bir problem yoxdur və bundan sonra da olmayacaq. Azərbaycan dövlətinin təməlində demokratik normalar durur ki, bu da bizim Konstitusiyamızda əks olunub. Ümummilli lider tərəfindən təməli qoyulmuş azad media, siyasi plüralistik cəmiyyət normaları Prezident İlham Əliyev və onun komandası tərəfindən də davam etdirilir və bundan sonra da davam etdiriləcək".