Yaqub Mahmudovun “Real tarix və “Böyük Ermənistan” uydurması” kitabı ingilis dilində çap olunub

2 Oktyabr 2015 16:49 (UTC+04:00)

AMEA A. Bakıxanov adına Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudovun "Real tarix və "Böyük Ermənistan" uydurması" kitabı ingilis dilində çap olunub.


Tarix İnstitutunun mətbuat xidmətindən verilən xəbərə görə, kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Real tarix və "Böyük Ermənistan" uydurması" kitabının çapı layihəsi çərçivəsində Azərbaycan Tarixçiləri İctimai Birliyi (ATİB) tərəfindən nəşr edilib.

 

"Real history and confabulation on "Great Armenia"" adlı kitabın elmi redaktoru tarix üzrə fəlsəfə doktoru Allahverdi Əlimirzəyev, dizayner və texniki redaktoru Mehri Xanbabayeva, tərcüməçisi isə Səbinə Alməmmədovadır.

 

Kitabda ilk mənbələr əsasında ermənilərin Kiçik Asiyaya Balkan yarımadasından köçüb gəldikləri, mənşəcə qədim frigayılılarla qohum etnos olduqları və Asiya qitəsinin aborigen əhalisi olmadıqları göstərilir. Sübut edilir ki, müasir ermənilər (haylar) "Armeniya", "armyane", "erməni" adlarına sonradan – Şərqi Anadoluya köçüb gədikdən sonra sahib çıxmışlar. Tarixdə heç zaman "Böyük Ermənistan" adlanan dövlət qurumu olmayıb. "Böyük Ermənistan" anlayışı Azərbaycan, Türkiyə və Gürcüstan torpaqlarına sahib çıxmaq məqsədilə erməni saxtakarları tərəfindən sonradan uydurulub.

 

Kitab AMEA Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunub. Əsərin birinci bölməsi "Ermənilər Kiçik Asiyaya Balkan yarımadasından köçüb gəlmişlər" adlanır və bu bölmə ermənilərin qədim Urartu irsinə sahib çıxmaq iddialarına qarşı kəskin cavabdır. Kitabda uydurma "Erməni yaylası" ("Armyanskoye naqorye") coğrafi anlayışına ayrıca bölmə həsr olunub. Bu bölmədə müəllif yazır ki, tarixi saxtalaşdıranlar XIX əsrin sonundan etibarən elmi dövriyyəyə daha bir uydurma termin – "Erməni yaylası" ("Armyanskoye naqorye") coğrafi anlayışını da daxil ediblər. Əsərin son bölməsi isə tarixdə heç vaxt "Böyük Ermənistan" adlı dövlətin olmadığının isbatına həsr olunub.

 

Kitabın tirajının xeyli hissəsi Xarici İşlər Nazirliyinə və Prezident Administrasiyasına (PA), Milli Məclisə, respublikanın müxtəlif arxivlərinə, elmi kitabxanalara və digər yerlərə paylanılıb.

 

Qeyd edək ki, prezident İlham Əliyevin təşəbbüsü ilə son 11 ildə Tarix İnstitutunda "Qarabağ: real tarix, faktlar, sənədlər", "Naxçıvan: tarixi və abidələri", "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi", "Tarixi adlara qarşı soyqırımı", "Azərbaycan Tarixi Atlası", "Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımı", "Real tarix və "Böyük Ermənistan" uydurması" kimi onlarla qiymətli əsərlər nəşr olunub, xarici ölkələrdə saxlanılan çoxsaylı ilk mənbələr, o cümlədən arxiv sənədləri ölkəyə gətirilib.