Avropa Şurası: Almaniyada rasizm və antisemitizm ab-havası baş qaldırıb

3 Oktyabr 2015 13:00 (UTC+04:00)

Movqe.az AZƏRTAC-a istinadla məlumat verir ki, Berlinin ünvanına belə bir narahatlıq doğuran bəyanat Avropa Şurasından gəlib. Avropa Şurasının milli azlıqlar komitəsinin bəyanatında bildirilir ki, son vaxtlarda Almaniyada artan rasizim ab-havası, kütləvi anti-İslam aksiyaları qurumu ciddi narahat etməkdədir.


Sənəddə qeyd olunur ki, bu ölkədə müsəlmanlara qarşı antisemitizm şüarları ilə keçirilən nümayışlərin intensiv hal alması və anti-miqrant əhval-ruhiyyəsi nəinki radikal qruplar, eləcə də hüquq mühafizə orqanları əməkdaşları arasında da müşahidə olunmaqdadır. Ötən ilin qışında Drezden şəhərində iyirmi beş min nəfərin qatıldığı "Qərbin İslamlaşması" əleyhinə aksiya buna dəlil olaraq göstərilir.


Komitə tərəfindən rəsmi Berlinə tövsiyə edilir ki, əhalı arasında səbr, dözümlülük və mədəniyyətlərarası dialoqun artırılması mühüm əhəmiyyət daşıyır. Almaniya hökumətini bu istiqamətdə vacib addımlar atmağa çağıran Avropa Şurası tərəfindən polis və təhlükəsizlik sisteminə rasizm və ksenofobiya zəminində cinayətlərin tez bir zamanda araşdırılmasına göstəriş verilməsi istənilir.