Poroşenko: “Donbas ərazisinin minalardan təmizlənməsi ATƏT-in himayəsi altında həyata keçiriləcək”

3 Oktyabr 2015 21:00 (UTC+04:00)

"Normand dördlüyü" liderlərinin görüşündə Donbas ərazisinin minalardan təmizlənməsinə dair razılıq əldə olunub.

Movqe.az-ın UNN agentliyinə istinadən verdiyi məlumata görə, bunu prezident Pyotr Poroşenko Ukraynanın Parisdəki səfirliyində keçirdiyi brifinqdə bəyan edib.

"Ərazilərin minalardan təmizlənməsi Fransa və Almaniyanın köməyi ilə ATƏT-in himayəsi altında həyata keçiriləcək. Donbasda bir çox insan tək atışma zamanı deyil, minaya düşərək həyatını itirib", deyə P.Poroşenko bildirib.

Ukraynanın dövlət başçısı həmçinin deyib ki, yaxın müddətdə 100 mm kalibrli silahların təmas xəttindən geri çəkilməsi prosesi başlanacaq.

Xatırladaq ki, oktyabrın 2-də Parisdə "normand dördlüyü" liderlərinin görüşü baş tutub. Əvvəl Fransa prezidenti Fransua Olland, Almaniya kansleri Anqela Merkel, Rusiya prezidenti Vladimir Putin və Ukraynanın dövlət başçısı Pyotr Poroşenko arasında "bağlı qapılar" arxasında görüş keçirilib. Sonra danışıqlara nümayəndə heyətlərinin digər üzvləri qoşulub.