Bakıda "Aqua-Therm Baku-2015" beynəlxalq sərgisi keçiriləcək

5 Oktyabr 2015 10:40 (UTC+04:00)

"Baku Expo Center"də VIIIBeynəlxalq istilik, havalandırma və kondisiyalaşdırma sistemləri, su təchizatı, sanitariya, ətraf mühitin mühafizəsi texnologiyaları, üzgüçülük hovuzu və bərpa olunan enerji ("Aqua-Therm Baku-2015") sərgisi keçiriləcək.

Tədbirin əsas təşkilatçısı olan"Iteca Caspian" şirkətindən"Report"a verilən məlumata görə, "Aqua-Therm Baku-2015" sərgisi istilik, havalandırma və kondisiyalaşdırma sistemləri (HVAC), üzgüçülük hovuzları, sauna və SPA mərkəzləri üçün avadanlıqlar üzrə regionun aparıcı peşəkar tədbiridir.

Sərgi Azərbaycan, İtaliya, Çin, Rusiya, Türkiyə, Xorvatiya, İsveçrə, Belçika, Danimarka, Almaniya və BƏƏ-ni təmsil edən şirkətləri bir araya toplayacaq. Hazırda sərgi iştirakçıları arasında "Aquamarket", "Aquart", "Azelektro","Euroclima"(hamısıAzərbaycan), "Chemoform" (Almaniya), "Danfoss" (Azərbaycan-Danimarka), "Kaskad-Hidro" (Azərbaycan-İtaliya), "Terendis" (Belçika), "Sauna Insaat" (Azərbaycan-Finlandiya), Çinin "Yuhuan Jingyu" klapan zavodu və s.şirkətlər yer alır.

"Aqua-Therm Baku-2015" sərgisi hovuz üçün avadanlıqlar, iqlim avadanlıqları, havalandırma, istilik, kanalizasiya sistemləri, su filtrləri, plastik borular, fitinqlər (santexnika ləvazimatları), radiatorlar, qazanlar, su çənləri, günəş qızdırıcıları, soyutma üçün aqreqatlar, hava boruları, havalandırma kanalları, hava şlanqları, qaz filtrləri, qaz tənzimləyiciləri, istilik dəyişdiriciləri və digər məhsulları təqdim edir.

Yeni məhsullara qaz rampaları, suyun emalı və çirkab suların təmizlənməsi üçün yeni texnologiyalar və izolyasiya edilmiş elastik (plastik) boruları nümunə göstərmək olar. Sərgidə "Altintaş", "Arcelik", "Bugatti", "Chemoform AG", "Danfoss", "Firestone", "Harvia", "Hidtrotech Group", "Immergas", "Mitsubishi", "Vargon", "Fujitsu" və digər brendlər təqdim olunacaq.

Sərgi Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) rəsmi dəstəyi ilə keçirilir.