Yaponiyada hər bir vətəndaşın 12 rəqəmli şəxsi nömrəsi olacaq

5 Oktyabr 2015 11:25 (UTC+04:00)

Yaponiyada azyaşlılar da daxil olmaqla bütün vətəndaşlar üçün 12 rəqəmli şəxsi dəyişməz nömrələrin tətbiqi barədə qanun qüvvəyə minib. Onun istifadəsində məqsəd qeydiyyat və uçot əməliyyatlarının sadələşdirilməsidir. Yeni sistem uzun müddət Yaponiyada yaşayan əcnəbilər üçün də tətbiq olunacaq.


Cari ilin oktyabr və noyabr ayları ərzində bütün ölkə vətəndaşlarına həmin nömrə barədə şəxsi vərəqənin göndəriləcəyi bildirilir. Gələn ilin yanvarından başlayaraq isə həmin vərəqlər təbii fəlakətlər zamanı vergi və sosial sığorta ilə əlaqədar istifadə olunacaq. Həmin vərəqələri foto və şəxsi nömrə göstərilməklə də əldə etmək olar. Hökumət bu sistemin tətbiq dairəsini getdikcə genişləndirmək niyyətindədir.


Yaponiyada şəxsi nömrələrin verilməsi sisteminin tətbiqinə əvvəllər də cəhd göstərilib. Lakin əhalinin müqaviməti və həmin sistemə inamsızlığı ondan istifadəyə imkan verməyib. Hazırda da ölkədə bunun polis nəzarətinin güclənməsinə və müxtəlif mənfi hallara yol açacağı barədə fikirlər dolaşır. Əhali sistemin şəxsi məlumatların oğurlanmasından, haker hücumlarına şərait yaradacağından ehtiyat edir. Bundan əlavə, bir çox yerli orqanlar da şəxsi nömrələrin tətbiqindən səmərəli istifadəyə hələ hazır deyil.