Yaponiyada əfsanəvi kəşfiyyatçı Rixard Zorgenin anadan olmasının 120-ci ildönümü qeyd edilib

5 Oktyabr 2015 11:40 (UTC+04:00)

Oktyabrın 4-də Yaponiyada əfsanəvi sovet kəşfiyyyatçısı, əslən bakılı Rixard Zorgenin anadan olmasının 120-ci ildönümü ilə əlaqədar xatirə mərasimi keçirilib.

Mərasim R. Zorgenin Yaponiya paytaxtının yaxınlığındakı Tama qəbiristanlığındakı məzarı yanında təşkil olunub. Sovet kəşfiyyatının əfsanəvi səhifələrini yazmış Sovet İttifaqı Qəhrəmanının xatirəsini anmaq və qəbri üzərinə güllər qoymaq üçün rusiyalı diplomatlar və onun adını daşıyan məktəbin şagirdləri toplaşıblar. Rusiya səfirliyinin hərbi attaşesinin əməkdaşları kəşfiyyatçının məzarı yanında fəxri qarovulda dayanıblar.

Görkəmli sovet kəşfiyyyatçısı Rixard Zorge 1895-ci il oktyabrın 4-də Bakıda anadan olub. İkinci Dünya müharibəsində faşist Almaniyasının Sovet İttifaqına hücumunun dəqiq tarixi barədə məlumatı məhz R. Zorge mərkəzə çatdırmışdı. 1941-ci ilin payızında SSRİ rəhbərliyinə Yaponiyanın yaxın vaxtlarda hücum etməyəcəyi barədə verdiyi məlumat isə Uzaq Şərqdə yerləşən diviziyaları Moskvanın müdafiəsinin təşkilinə cəlb etməyə imkan yaratmışdı.

Sovet kəşfiyyatçısı olan R.Zorge Yaponiyada 1933-cü ildən alman qəzetlərinin müxbiri kimi çalışmağa başlamışdı. Dərin təhlilə əsaslanan analitik yazıları nəticəsində o, tezliklə Almaniyanın Yaponiyadakı səfrliyinə yol tapmış və səfirliyin mətbuat katibi təyin olunmuşdu.

Lakin yapon xüsusi orqanları tezliklə R.Zorgenin qrupu haqqında məlumat əldə edərək onu həbs etmişdilər.

R.Zorge 1944-ci ildə yapon türməsində edam olunub. Ölümündən 20 il sonra ona Sovet İttifaqı Qəhrəmanı adı verilib.