Suraxanıda Beynəlxalq Müəllim günü təntənəli qeyd edildi

5 Oktyabr 2015 13:11 (UTC+04:00)

Suraxanı rayonunda Beynəlxalq Müəllim günü münasibəti ilə geniş tədbir keçirilmişdir. Rayon ərazisində yerləşən təhsil müəssisələrində çalışan təhsil işçilərinin bir qrupunun qatıldığı tədbirdə ali məktəblərə qəbul imtahanında yüksək nəticə göstərən rayon məzunları da iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edərək önünə tər güllər qoymuşlar. Sonra Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin Elektron lektoriya zalında Beynəlxalq Müəllim günü münasibəti ilə tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirmişdir ki, son illər milli təhsil sisteminin məzmununda əsaslı keyfiyyət dəyişiklikləri baş vermişdir. Müasir dövrün tələblərinə cavab verən fəal maarifçilik kursu həyata keçirilir. Mütərəqqi yeniliklərin tətbiqi yolu ilə milli təhsil sistemi müasirləşdirilir. Dünya təhsil məkanına inteqrasiya ölkəmizdə reallaşdırılan dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir.Cənab Prezidentin qeyd etdiyi kimi qara qızılın insan kapitalına çevrilməsi işi uğurla davam edir. Bu illər ərzində yaradılmış maddi-texniki, elmi və pedaqoji baza Azərbaycan təhsilinin inkişafına uzun müddət xidmət edəcəkdir.

2015-2016-cı dərs ilinə ciddi uğurlarla gələn Azərbaycan təhsili üçün ötən dərs ili bir sıra mühüm hadisələr, islahatyönümlü tədbirlərlə əlamətdar olub. Təhsil islahatlarının daha da dərinləşdirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində son illər başlanan işlər daha qətiyyətlə davam etdirilib, bir sıra yeni layihələrə start verilib, təhsil sistemimizin dünya təhsil məkanına daha sıx inteqrasiyası yönündə uğurlu addımlar atılıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 yanvar 2015-ci il tarixli Sərəncamı ilə dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı orta hesabla 2 dəfə artırılıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 yanvar 2015-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı" təsdiq olunub.

Bu ildən I siniflərə qəbulun yeni sistemi tətbiq olunub. 2015-2016-cı tədris ili üçün I sinifə şagird qəbulu ərizələrin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsi ilə həyata keçirilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yeni dərs ili ərəfəsində bir sıra tədris müəssisələrində olub, aparılan təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub.

Ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramları, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirtdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı və digər irimiqyaslı layihələr qarşıya qoyulan vəzifələrin icrasına, tədris müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsinə yönəldilmişdir.

Ötən dövr ərzində çoxlu sayda məktəb binası inşa olunmuş və yenidən qurulmuşdur. Müasir tələblərə cavab verən məktəb binaları müasir avadanlıq, istilik sistemi, zəngin kitabxanalar, əyani vəsait və kompüterlərlə təchiz olunmuşlar.

İlqar Abbasov xüsusi vurğulamışdır ki, təhsilə göstərilən dövlət qayğısı Suraxanı rayonundan da yan keçməyib. Suraxanı rayonunda 2003-2014-cü illər ərzində 5930 şagird yerlik 8 məktəb binası, şagird sıxlığını aradan qaldırmaq məqsədi ilə 20 məktəb üçün 7780 şagird yerlik əlavə tədris korpusu tikilmiş, 14580 şagird yerlik 21 məktəb binası əsaslı təmir olunmuşdur.

Hazırda Suraxanı rayonunda yerləşən təhsil müəssisələrində 37527 şagirdin təlim-tərbiyəsi ilə 3242 müəllim məşğul olur.

2014-2015-ci tədris ilində rayon ərazisində yerləşən 34 orta ümumtəhsil məktəbini və Xarici Dillər Təmayüllü gimnaziyanı 1976 şagird bitirmiş, onlardan 1690 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd vermişdir. Sənəd verənlərdən 1071 nəfəri tələbə adını qazanmışdır. Bu da sənəd verən məzunların 63,3 faizini təşkil edir. Ötən il isə 1847 şagird bitirmiş, onlardan 1558 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd vermişdir. Sənəd verənlərdən 983 nəfəri tələbə adını qazanmışdır.

Abituriyentlərdən 68 nəfəri 600-dən yuxarı bal toplamışdır. 650-dən çox bal toplayan məzunların sayı 24 nəfərdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2015-2016-cı tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında 14 sentyabr 2015-ci il tarixli Sərəncam imzalamışdır. Çox sevindirici haldır ki, Prezident təqaüdünə layiq görülmüş tələbələrin arasında 4 Suraxanı məktəblərinin məzunu var.

Rayon rəhbəri qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 oktyabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının təhsil işçilərinə "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında Sərəncam imzalamışdır. Rayonun 279 nömrəli tam orta məktəbinin müəlliməsi Musayeva Ofeliya Nəsib qızı da onların arasındadır.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Ağacan Abıyev, 275 nömrəli məktəbin direktoru Elmira İsmayılova, 84 saylı tam orta məktəbin direktoru Nəsimi Quliyev, rayon üzrə TQDK-nın keçirtdiyi test imtahanlarında yüksək bal toplayan Alıyeva Nərmin Üzeyir qızı, Bağırova Nərmin Valeh qızı, Məmmədli Zərifə Asif qızı təhsilə göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə öz dərin təşəkkürlərini bildirmişlər.

Müəllim günü münasibəti ilə təhsilin inkişafında xidmətlərinə görə bir qrup şəxs və ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlar Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edildilər, onlara qiymətli hədiyələr verildi.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Suraxanı rayon komitəsinin sədri Arif Xəlilov bir qrup müəllimi Fəxri Fərmanla təltif etdi və pul mükafatı verdi.

Sonda şagirdlərin ifasında bədii hissə göstərildi.