Minilliyin qasırğası: Cənubi Karolina ştatının rəhbərliyi əhalini evdən çıxmamağa çağırıb

5 Oktyabr 2015 17:45 (UTC+04:00)

ABŞ-ın Cənubi Karolina ştatının rəhbərliyi Atlantik okeanda tüğyan edən "Hoakin" qasırğasının gətirdiyi leysan yağışlar ilə əlaqədar bütün iri magistrallarda nəqliyyatın hərəkətini qadağan edib.


Movqe.az Rusiyanın NTV telekanalına istinadən məlumat verir ki, Cənubi Karolina ştatının qubernatoru Nikki Heylinin sözlərinə görə, bu cür güclü yağışlar ştatda min ildə bir baş verir. Sinoptiklərin məlumatına əsasən Karolinanın bəzi rayonlarında sutka ərzində artıq 450 millimetr yağıntı düşüb, lakin yağış hələ də səngiməyib. Qubernator, həmçinin əhalini ştatın harasında olmalarına baxmayaraq, evdən çıxmamağa çağırıb.


Xilasedicilər suya qərq olmuş yollardakı avtomobillərdən 200-dən çox insanı xilas edib. Hazırda təbii fəlakət nəticəsində azı 7 nəfərin öldüyü məlumdur. Ştatın 30 mindən çox sakini isə elektrik enerjisiz qalıb.


Bu ərəfədə ABŞ Prezidenti Barak Obama Cənubi Karolina ştatında fövqəladə vəziyyət rejimi tətbiq edib.