Azərbaycan ABŞ-ı fakt qarşısında qoydu

6 Oktyabr 2015 07:00 (UTC+04:00)

ABŞ-ın ikili siyasət yürütməsi bir daha sənədlərlə sübut olundu. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüş zamanı Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən ABŞ şirkətlərinin siyahısını təqdim etdi. Nazir bunun yolverilməz olduğunu vurğulayaraq, ABŞ hökuməti tərəfindən belə halların qarşısının alınması üçün tədbirlərin görülməli olduğunu qeyd etdi. Siyasi şərhçilər isə baş vernələrin ABŞ-ın həmsədrlik statusuna uyğun gəlmədiyini deyirlər.

Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr komissiyasinin katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirli bildirdi ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsində vasitəçilik missiyasını həyata keçirən, ATƏT-in Minsk qrupunun üç həmsədr dövlətlərindən biridir: "Həmsədrlik institutunun beynəlxalq statusuna görə, həmsədr tərəfsiz, neytral mövqedə olmalıdır. Hadisələrə obyektiv yanaşması ilə seçilməlidir. Heç bir tərəfin yox, məhz beynəlxalq hüququn yanında olmalıdır. Lakin təəssüf ki, ABŞ-ın münaqişənin həlli ilə bağlı siyasətində biz tərəfsiz mövqeyin şahidi olmuruq. Əksinə, bir çox hallarda işğalçı tərəfə bu və ya digər səviyyədə dəstək verilir.

ABŞ yeganə dövlətdir ki, xarici ölkələrə yardım proqramına qondarma "Dağlıq Qarabağ respublikası"nı da daxil edib. Azərbaycanın icazəsi olmadan ona maliyyə yardımı göstərir. Eyni zamanda ABŞ-da bu "respublika"nın nümayəndəliyi fəaliyyət göstərir. O, faktiki olaraq, errmənilərin özlərinin qeyd etdiyi kimi, səfirlik funksiyasını reallaşdırır. Bu isə ABŞ-ın tərəfsiz olmadığını, münaqişənin həllinə zidd olduğunu göstərir. Eyni zamanda Azərbaycan iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanın işğal olunmuş ərazilərində çalışan ABŞ şirkətlərinin siyahısını ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutaya təqdim etdi. Bu da birbaşa ABŞ-ın həmsədr kimi münaqişənin həllində tərəfsiz mövqedə dayanması ilə bağlı tələblərə ziddir. Bunlar münaqişənin həllində ABŞ-ın obyektiv mövqedə dayanacağı ilə bağlı bəyanatlara ziddiyyət təşkil edir. Bundan sonrakı məqamda şübhəsiz ki, Azərbaycan dövlət qurumları ABŞ-ın aidiyyatı işlər üzrə orqanlarından bu məsələyə aydınlıq gətirməsi və Azərbaycanın narahat qalması ilə bağlı mövqeyini çatdırmalıdır. Verilmiş siyahı da həmin məntiqdən qaynaqlanır. Eyni zamanda o da bildiriləcək ki, həmsədr olaraq problemi bu şəkildə həll etmək mümkün deyil. Maliyyə yardımı son nəticədə qondarma rejimin silahlanmasına, terrorzmin müdafisinə, və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə sərf edilir. Bunlar da dünya ən təhlükəli tendensiyalardır. Məsələyə belə yanaşmaqla regionda ən mürəkkəb problemlərdən biri olan Dağlıq Qarabağ münaqişəsini həll etmək mümkün deyil. Bunlar Azərbaycanın ABŞ-a vasitəçi olaraq ciddi ismarıcdır. Qarşı tərəf bundan nəticə çıxartmalıdır. Rəsmi Vaşinqton regionda sülhdə, sabitlikdə maraqlıdırsa, sadalanan bu addımlar onun mövqeyi ilə ziddiyyət təşkil edir. Həmin addımlar xoşməramlı mövqeyinin və bəyanatlarının üzərindən xətt çəkmiş olur".

Siyasi şərhçi Ərəstun Baxşəliyev bildirir ki, işğal olunmuş ərazilərdə ABŞ şirkətləri adı altında fəaliyyət göstərən qurumların hər birinin arxasında əslində erməni lobbisi dayanır: "Araşdırmalar aparılan zaman da ortaya çıxan ilk fakt o olur ki bu şirkətin ya səhmdarları, yaxud da elə rəhbərləri məhz erməni əsilli şəxslərdir. Qarabağda bu cür fəaliyyət göstərmələrinin də arxasında min bir məkr və hiylə yatmaqdadır. İllərdir, Qarabağa ayrılan yardımların da arxasında elə məhz erməni lobbisi dayanır. Bu lobbinin fəaliyyəti nəticəsində bizlər hər zaman hansısa problemlər ilə üz-üzə gəlir, müəyyən çətinliklər yaşayırıq".