Qarabağ münaqişəsinin həllində mühüm mərhələ başlayır

6 Oktyabr 2015 10:30 (UTC+04:00)

Azərbaycanın hərbi gücü, iqtisadi qüdrəti, dəqiq düşünülmüş strategiyası, böyük məharətlə həyata keçirdiyi diplomatiya Dağlıq Qarabağ münaqişəsinin həllində mövcud durumun daha sürətlə ölkəmizin lehinə dəyişməsi ilə müşayiət olunmaqdadır. Məhz həyata keçrilən siyasət nəticəsində bu gün Ermənistanı himayədarı olan dövlətlərin Qarabağ münaqişəsində yanaşmasında belə yeni siyasətə start vermələri barədə səslənən fikir və məlumatların da sayı artır.

Bilindiy kimi, bu gün Ermənistanda formal xarakterli olsa belə dövlətin mövcudluğu Rusiyanın sayəsində mükün olub. Ermənistan bütün mənada Rusiyadan tam asılı ölkədir və Moskvanın dəstəyi çəkiləcəyi təqdirdə düşmən dövlətin məhvinin qaçılmaz olduğunu ermənilər özləri də yaxşı bilir. Daha bir önəmli məqam isə odur ki, Rusiya həm də Dağlıq qarabağ münaqişəsinin konstruktiv həlli üçün Ermənistana təsir göstərə bilən əsas dövlətdir. Belə bir vaxtda isə ABŞ-ın "Stratfor" araşdırmalar mərkəzi Rusiyanın Qarabağ siyasətinin dəyişməsi barədə biri-birinin ardınca maraqlı analizlər dərc edir.

İddia olunur ki, ilk mərhələdə Dağlıq Qarabağ ətrafında işğal olunmuş rayonların Azərbaycana qaytarılması Moskva Ermənistanla bağıl müəyyən gedişlər etməyə hazırlaşır. Bildirilir ki, tezliklə Dağlıq Qarabağda status-kvo dəyişə bilər. Mərkəz hesab edir ki, Rusiyadan tamamilə asılı vəziyyətdə olan Ermənistanın etirazına heç kim məhəl qoymayacaq: "Ermənistan ərazisində onsuz da 5 min Rusiya hərbçisi var, ölkə özü isə Moskvadan güclü surətdə asılıdır… Dağlıq Qarabağ münaqişəsinin yeni mərhələyə daxil olduğu görünür. Tərəflər son aylar hərbi təlimləri artırıb və Rusiya rəsmiləri ilə mütəmadi görüşlərə qatılıb. Münaqişənin həlli Qafqaz regionunun bürümüş siyasi alyanslar və münasibətlər şəbəkəsini yenidən cızmağı tələb edəcək".

Qurum vurğulayır ki, münaqişənin trayektoriyası həmişə üç oyunçudan asılı olub: Ermənistan, Azərbaycan və Rusiyadan. Hər üçünün də fərli mövqeyi var. Bildirilir ki, 2014-cü ilədək Moskvanın rəsmi mövqeyi neytral qalıb, hər iki tərəfi danışıqlara çağırıb. Ancaq qeyri-rəsmi şəkildə Ermənistanı dəstəkləyib. Azərbaycan isə Rusiya ilə müttəfiq olmamağı seçib, xarici əlaqələrini şaxələndirib, Rusiyanın nüfuzunu balanslaşdırmaq üçün Türkiyə və Qərblə yaxınlaşıb. Enerji resurslarından yararlanaraq iqtisadiyyatını və ordusunu gücləndirib.

"Stratfor" yazır ki, Kiyevdə Avromaydan hadisələri, Rusiya-Qərb qarşıdurmasından sonra status kvo dəyişdi. Rusiya Ermənistanın daha az etibarlı himayədarına çevrilməyə başladı. Azərbaycanın isə Qərb üçün dəyəri artdı, belə ki, Rusiyaya alternativ enerji mənbəyinə çevrilə bilərdi. Və 2014-cü ildən Azərbaycan cəbhə xəttində daha inamlı tədbirlər görməyə başladı ki, bu nə Ermənistan, nə də Rusiyanın qarşılıqlı cavabına səbəb olmadı: "Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində mövqeyi yaxşılaşıb, Ermənistan və Rusiyanınkı isə zəifləyib.Bu dəyişikliklər son aylar diplomatik fəaliyyətin görünməmiş səviyyədə güclənməsi ilə müşayiət olunub. Rusiya və Azərbaycanın, eləcə də Ermənistanın siyasi və hərbi rəsmiləri bir neçə dəfə görüşüblər. Bütün bu məlumatlar belə deməyə əsas verir ki, tərəflər tezliklə status-kvonu dəyişəcək plan hazırlayırlar".

O da bildirilir ki, Rusiya ilə Azərbaycanın münasibətlərinin daha da yaxşılaşması fonunda Moskva Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu qeyri-konstuktiv mövqenin dəyişməsinə vadar edə bilər və bu proseslər də elə bu istiqamətdə getməkdədir. "Stratfor" vurğulayır ki diplomatik və təhlükəsizlik cəbhələrində xeyli hərəkətlilik yaranıb, hərbi təlimlər, cəbhə xəttində atışmalar artıb: "Bu münaqişənin həlli yolunda siyasi əngəllər çoxdur, ancaq son əlamətlər bəzi dəyişikliklərin tədarük edildiyini göstərir". "Stratfor"un strateji analiz üzrə vitse-prezidenti Riva Bhalla da Ukrayna KİV-lərinə müsahibəsində Rusiyanın MDB məkanındakı köhnə münaqişələrin "donunu açması" ehtimalından danışır. Onun fikrincə, belə münaqişələrin "donunu açmaq" münaqişəni qızışdırmaq qədər asan deyik: "Siyasi məqamın yetişməsi lazımdır. Məsələn, Dağlıq Qarabağ ətrafındakı situasiyaya nəzər salaq. Azərbaycan bütün müxtəlif qonşularla balanslaşdırma üzrə ekspertdir, xüsusən də Rusiya ilə Qərb arasında. Lakin keçmişə baxaq. Son aylarda Azərbaycan Rusiyaya daha yaxın olub. Və böyük sual budur ki, Moskva Bakı ilə hansı məsələdə anlaşmağa çalışır. Ermənistan boş yerə narahat deyil ki, Rusiya və Azərbaycan bu məsələdə anlaşa bilər". "Stratfor" vitse-prezidentinin sözlərinə görə, Azərbaycan öz ərazilərini geri qaytarmaq istəyir. Bu günlərdə isə "Karnegi" fondunun Cənubi Qafqaz üzrə eksperti Tomas de Vall da bildirib ki, işğal olunmuş ərazilərin qaytarılması üçün Azərbaycanın Rusiya ilə diplomaik təmasları Ermənistanın sıxışdırılması ilə nəticələnə bilər. Hər halda proseslər Dağlıq Qarabağ münaqişəsi ətrafında təkcə hərbi yox, diplomatii fəallığın da əhəmiyyətli dərəcədə artıdığını göstərir. Hərbi sahədə olduğu kimi, diplomatik sferada da proseslər Azərbaycanın istədiyi kimi inkişaf edərək, ölkəmizin maraqlarına cavab verir.