Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni səlahiyyətlər verildi

6 Oktyabr 2015 14:14 (UTC+04:00)

Azərbaycanda dini məlumatların yayılması sahəsinə nəzarət gücləndirilir, din sahəsində mütəxəssislərin hazırlanmasına diqqət artırılır.


Movqe.az-ın məlumatına görə, bu məsələlər Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Dini etiqad azadlığı haqqında" Qanuna və "Kütləvi informasiya vasitələri haqqında" Qanuna dəyişikliklərdə öz əksini tapıb.


"Dini etiqad azadlığı haqqında" Qanunun 29-cu maddəsinə (Müvafiq icra hakimiyyəti orqanı) edilməsi nəzərdə tutulan əlavəyə görə, bundan sonra müvafiq icra hakimiyyəti orqanı dini mərkəzdən və dini idarələrdən və digər dini qurumlardan dini fəaliyyətə dair məlumatları və maliyyə hesabatları da ala biləcək.


Qeyd edək ki, mövcud qanunvericiliyə görə, müvafiq icra hakimiyyəti orqanı dini mərkəzdən, dini idarələrdən və digər dini qurumlardan zəruri məlumatları alır.


Qanunun adıçəkilən maddəsinə daha iki əlavənin edilməsi nəzərdə tutulur. Əlavələrə əsasən, müvafiq icra hakimiyyəti orqanı nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məlumatların və dini məzmunlu başqa məlumat materiallarının satışı üzrə ixtisaslaşdırılmış satış məntəqələrində "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanuna uyğun olaraq yoxlamalar aparacaq.


Bundan başqa, din sahəsində mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması üçün tədbirlər görəcək, ixtisasartırma kurslarını təşkil edəcək.


"Kütləvi informasiya vasitələri haqqında" Qanunun 14-cü maddəsinə (Kütləvi informasiya vasitəsinin təsis edilməsi) edilməsi nəzərdə tutulan dəyişiklik isə dini mətbu nəşrlərin təsis edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının rəyinin alınmasını nəzərdə tutur.


Belə ki, maddəyə ediəcək əlavəyə görə, bundan sonra dini mətbu nəşrlərin təsis edilməsi ilə bağlı sənədlərə dini mətbu nəşrlərin təsis edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının rəyi də əlavə olunmalıdır.


Qeyd edək ki, Azərbaycanda dini sahəyə nəzarəti əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həyata keçiririr və bu dəyişikliklər komitəyə yeni səlahiyyətlər verir.


Dəyişikliklər səsə qoyularaq qəbul edilib.