Azərbaycanda qızıl məmulatlar sənayesi yaradılacaq?!

7 Oktyabr 2015 08:00 (UTC+04:00)

Azərbaycanda digər sahələr kimi qızıl hasilatı da ildən-ilə artır. Bu ilin avqustunda ölkədə keçən ilin müvafiq dövrünə nisbətən 31 faiz çox qızıl hasil edilib. Onu da qeyd edək ki, Azərbaycanda qızıl əsasən Gədəbəydəki yataqlarda hasil olunur. Daha bir qızıl yatağı olan Kəlbəcər isə hələ də Ermənistan tərəfindən işğal altında qalmaqdadır.

Yerli qızıl hasilatının artması ölkə daxilində qızıl məmulatlarının hazırlanmasına da imkan verə bilər. Hələlik isə ölkəmizə qızıl məmulatları ancaq idxal olunur. Yəni, bu sahədə tələbat əsasən idxal hesabına ödənilir. Bu fonda maraqlıdır, xaricdən qızıl məmulatlarının idxalına son qoymaq üçün yerli qızıl sənayesinin inkişaf etdirilməsi nə dərəcədə zəruridir?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov yerli qızıl sənayesinin inkişaf etdirilməsinin arzuolunan olduğunu bildirdi. Onun fikrincə, bu addım həm də qızıl məmulatlarının qiymətinin azalmasına gətirib çıxara bilər: "Əvvəlki illərlə müqayisədə Azərbaycanda qızıl hasilatı da artıb. Amma hələ də ölkəmizdə hasil edilən qızıl daxili istehlak üçün istifadə olunmur. Onun bir hissəsi külçə formasında ixrac olunur, digər hissəsi də ehtiyat formasında saxlanılır. O baxımdan təbii ki, istehsal olunan qızılın praktik olaraq, yerli istehsala yönəldilməsi daha vacibdir. Çünki, bu addım birmənalı şəkildə imkan verəcək ki, qızıl məmulatları üzrə idxaldan asıllığı aradan qaldırmaq mümkün olsun.

Təbii ki, idxaldan asıllığı tam olaraq aradan qaldırmaq da mümkün deyil. Bu asıllığı tam olaraq aradan qaldırmaq üçün Azərbaycan hələlik yetərincə qızıl istehsal etmir.Nəzərə alaq ki, qızıl yataqlarının bir hissəsi Ermənistan tərəfindən işğal olunmuş ərazilərdədir və bu amil də qızıl istehsalının artmasına mənfi təsir göstərir. Torpaqlarımız azad olunduqdan sonra artıq yerli istehsalı artırmaq və həmin artım fonunda da qızıl məmulatlarının daxili istehlakını əhəmiyyətli dərəcədə ödəmək mümkün olacaq. Bu fonda onu da nəzərə alaq ki, insanların zövqü də fərqlidir. Bütün hallarda yerli istehsal həyata keçirilsə də belə, xaricdən idxal olunan qızıla tələbat formalaşıb. Bununla belə istehsal olunan qızılın müəyyən hissəsinin daxili istehlak üçün hasil olunması arzuolunandır. Bu addımın atılması imkan verəcək ki, Azərbaycan xaricdən qızıl idxalından asıllığı aradan qaldıra bilsin. Eyni zamanda bu, dünya bazarında qızılın qiymətində baş verən dəyişikliklərin yerli bazara ciddi təsir etməsinə də imkan verəcək".

İqtisadçı-ekspert Oqtay Haqverdiyev isə ənənə olmadığından ölkə daxilində qızıl sənayesinin inkişaf etdirilməsinə zərurət görmədi: "Qızıl məmulatları istehsalı elə bir spesifik sahədir ki, bu istiqamət üzrə Azərbaycanda ənənə olmayıb. Düzdür, ayrı-ayrı fərdi qaydada zərgərlərimiz olub, amma sənaye üsulu ilə qızıl məmulatlarının istehsalı həyata keçirilməyib. Sovet dönəmində fabrik mövcud idi ki, orada adi zərgərlər qızıl məmulatları hazırlasalar da, keyfiyyəti yaxşı deyildi. Digər tərəfdən, xammal olaraq o zamanlar qızılı Moskvadan gönədrirdilər. İndi isə qızıl məmulatları istehsal etmək üçün xammalı əsasən xaricdən gətirməliyik, çünki yerli istehsal kifayət deyil.

Bundan başqa, istehsal olunan məhsulun dünya bazarına çıxarılması məsələsi həllini tapmalıdır. Ona görə də qızıl məmulatları sənayesinin ölkəmizdə yaradılmasına zərurət görmürəm. Gəlirlilik, rəqabətə dözümlülük baxımından da sərf etməyəcək, ikincisi bu sahədə dediyim kimi, ənənə də yoxdur. Ölkəmizdə bu sahə ilə məşğul olan ayrı-ayrı zərgərlər olub. Hətta Bakıda "Zərgərpalan" deyilən küçə də var. Bu ərazidə vaxtilə Rusiya, Avropada tanınan çoxsaylı zərgərlərimiz olub. Lakin onlar məmulatları fərdi qaydada hazırlayırdılar. Ancaq fərdi qaydada bu istiqamətdə addım atmaq olar, amma sənaye üsulu ilə qəzəl məmulatlarının ölkəmizdə buraxıla biləcəyinə inanmıram".