Parlament seçkilərinə qoşulan partiyaların sayı artır

7 Oktyabr 2015 10:45 (UTC+04:00)

Parlament seçkilərinə qatılan siyasi partiyaların sayı artır. Artıq ölkədə fəaliyyət göstərən partiyaların böyük əksəriyyəti seçkilərdə fəal iştirak edir. Bu da parlamentdə daha çox siyasi partiyanın təmsil olunmasına səbəb ola bilər. Belə vəziyyət çoxpartiyalı sistemin inkişafında da xüsusi əhəmiyyət malikdir. Eyni zamanda seçkiyə qatılmaq istəməyən radikal müxalifətə və seçkiləri müşahidədən imtina edən bəzi beynəlxalq qurumlara bu hal ziddi zərbə hesab olunur. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Elçin Mirzəbəyli bildirir ki, söhbət partiyaların say çoxluğundan gedirsə, bu məsələdə keyfiyyətə üstünlük verilməlidir: "Çoxpartiyalı sistemin əsas prinsiplərindən biri də siyasi rəqabət mühitinin olması və həmin mühitdə müxtəlif ideoloji baxışları təmsil edən siyasi təşkilatların iştirakıdır. Bu baxımdan əgər Azərbaycan parlamentində siyasi partiyaların sayı çox olacaqsa, bu, onların parlament fəaliyyətinə, Azərbaycan qanunverciliyinə uyğun olaraq büdcədən maliyyələşmələrinə və nəticə etibarı ilə həmin siyasi partiyaların bir institut kimi formalaşmasına yardım göstərəcək. Budəfəki spektrə diqqət yetirdikdə görürük ki, ən müxtəlif qütblər, ayrı-ayrı ideoloji baxışları olan siyasi partiyalar seçkilərdə iştirak edirlər. Bu da Azərbaycan dövlətçiliyinin milli maraqlarının əleyhinə yönəlməyən, sivil ideyaların Azərbaycanda təşəkkül tapdığını və cəmiyyətin buna açıq olduğunu nümayiş etdirir".

Müsahibimiz əlavə etdi ki, seçkilərdə iştirak edən partiyaların sayının çoxluğu Azərbaycandakı siyasi mühitin, çoxpartiyalı sistemin inkişaf etdiyini nümayiş etdirir: "Azərbaycanda seçkiləri müşahidə etmək istəməyən beynəlxalq təşkilatların hərəkəti həm nizamnamələrinə, həm də demokratiyanın prinsiplərinə ziddir. Hansısa seçkinin öncədən qiymətləndirilməsi demokratik prinsiplərə sığmır. Bütövlükdə cəmiyyətdə baş verən proseslər, Azərbaycanda siyasi sistemin inkişafı istiqamətində atılan addımlar, qəbul edilən qərarlar, parlament seçkilərinin demokratik keçirilməsi istiqamətində dövlətin sərgilədiyi mövqe həmin beynəlxalq təşkilatlara, radikal müxalifətə ən ciddi mesajdır".

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə də bildirdi ki, parlamentdə nə qədər çox partiya təmsil olunarsa, bu, bir o qədər yaxşıdır: "Bu, çoxpartiyalı sistemə yardım olacaq. Xüsusi ilə də demokratiyanın inkişana böyük dəstək olacaq. Bundan başqa, parlamentdə təmsil olunan partiyaların büdcədən maliyyələşməsi məsələsi də var".

Partiya sədri boykot elan edənlərə də məsləhət verdi: "Biz bir dəfə boykot qərarı vermişik. Boykot qərarının acı nəticələri olur. Siyasi partiya seçkilər yolu ilə hakimiyyət uğrunda mübarizə aparmaq üçün yaranır. Əgər siyasi partiya boykot qərarı verirsə, deməli, hakimiyyətə gəlməyin ayrı yollarını axtarır. Amma hazırda Azərbaycanda boykotluq mühit də yoxdur. Onlar boykot qərarı versələr də, seçkilərdə iştirak edənlər çoxdur. İştirak etmək istəyən partiyaların sayının artması həmin insanlara bir mesajdır".