Təhsil Nazirliyi bəzi müəllimlərin dərs saatının artırılmaması ilə bağlı narazılıqlara aydınlıq gətirdi

6 Oktyabr 2015 19:30 (UTC+04:00)

Azərbaycan Təhsil Nazirliyi Bakıda diaqnostik qiymətləndirmə zamanı yüksək bal toplayan bəzi müəllimlərin dərs saatının artırılmaması ilə bağlı narazılıqlara aydınlıq gətirib.


Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev  bildirib ki, diaqnostik qiymətləndirmənin nəticələri dərs yükündə birmənalı şəkildə öz əksini tapır: "Lakin bu, dərs yükünün avtomatik şəkildə qaldırılması deyil. Bunu da bəzi müəllimlər səhv başa düşürlər. Diaqnostik qiymətləndirmənin nəticələri əsasında dərs yükü avtomatik qaldırılmır, bu, yalnız nəzərə alınır. Amma orada müəyyən məqamlar var ki, onlar da dərs yükü bölünən zaman nəzərə alınır. Bəzən olur ki, müəllim diaqnostik qiymətləndirmədə çox yüksək bal toplayır, amma onun təhsili orta ixtisasdır. Bu, artıq imkan vermir ki, ona yuxarı siniflərdə dərs saatı verəsən, dərs saatının sayını artırasan".


İ.Nağıyev bildirib ki, bəzən yaşlı müəllimlərin təqaüdə çıxması ilə əlaqədar işdən azad olunarkən onun dərs yükü digər müəllimlər arasında bölüşdürülür. Bu zaman diaqnostik qiymətləndirmə zamanı yüksək bal toplamış müəllimlərə də həmin dərs saatlarından verilir.


Xatırladaq ki, Bakıda sınaq qiymətləndirmədə iştirak edən müəllimlərin 43,3 faizinin əmək haqqısı 30-40 faiz, 32,7 faizinin əmək haqqısı 20-30 faiz, 7,1 faizinin əmək haqqısı isə 15-20 faiz həcmində artıb.


Azərbaycanda dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik bir stavka dərs yükü 12 saat müəyyənləşdirilir. Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilmiş müəllimlərin dərs bölgüsü aparılarkən isə müəllim üçün həftəlik 1 stavka dərs yükü 18 saat müəyyənləşdirilməlidir. Ancaq bu zaman həftəlik dərs yükü 2 stavkadan çox olmamalıdır.