Şakira azərbaycanlı gənc qızlarla görüşüb - FOTO
13 Oktyabr 2012 15:58 (UTC+04:00)
UNICEF-in xoşməramlı səfiri, dünya şöhrətli müğənni və bəstəkar
Şakira təhsilin əhəmiyyətini və onun qızların inkişafına necə
yardım etməsini müzakirə etmək üçün UNICEF tərəfindən dəstəklənən
17 yaşınadək oyunçulardan ibarət futbol liqasının bir qrup
yeniyetmə qızları ilə görüşüb.
Bu barədə APA-ya UNICEF-in media və ictimaiyyətlə əlaqələr
şöbəsindən məlumat verilib.
"Pies Descalzos" və ALAS fondlarının yaradıcısı, eləcə də təhsilin
qlobal səviyyədə təşviqatçısı olan Şakira sağlam yaşam tərzi
haqqında məlumatlılığı təşviq etmək, eləcə də qızların milli
miqyasda təhsilini və idmanda iştirakını təşviq etmək üçün futbolun
potensialından necə istifadə edilməsini yeniyetmə qızlarla müzakirə
edib. "İdman həm qızlar, həm də oğlanları əhatə etmək üçün gözəl
vasitədir və qadın olduqlarına görə üzləşdikləri məhdudiyyətlər
üzündən bir çox qızların edə bilmədiyini - digərləri ilə sosial
ünsiyyət qurmaq imkanını təmin edə bilər. Təhsil kimi idman da
qızlara cəmiyyətdə bərabər hüquqlu oyunçu olmağa yardım edə bilər"
– deyə, Şakira bildirib.
14 yaşlı azərbaycanlı Səmayə Şakira ilə
söhbət edərkən deyib: "Mən heç vaxt bu yaşda ailə qurmaq üçün
futbol oynamaq və ya məktəbə getmək hüququmdan imtina
etməyəcəm".
Qekyd edək ki, Şakira Bakıya FIFA 17 yaşınadək qadınlar arasında
futbol üzrə dünya çempionatının rəsmi bağlanışında iştirak etmək,
sonra isə Bakı Kristal Zalında solo konsert vermək məqsədilə gəlib.