Bayıl-20-ci yaşayış sahəsində yenidənqurma-abadlıq işləri aparılacaq

7 Oktyabr 2015 12:07 (UTC+04:00)

Bayıl-20-ci yaşayış sahəsində yenidənqurma-abadlıq və quruculuq işləri aparılacaq. Bu barədə Səbail rayon İcra Hakimiyyətindən məlumat verilib.


Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri və sosial layihələr paytaxtımız Bakı şəhərinin mərkəzi rayonu olan, bir çox hallarda paytaxtın paytaxtı adlandırılan Səbail rayonunda da öz əksini tapmaqdadır.


Məlumatda qeyd olunur ki, Sovetlər dönəmindən qalmış nizamsız, heç bir layihəyə uyğun olmadan tikilən evlərin çoxluq təşkil etdiyi, rayonun digər ərazilərindən fərqli olaraq bir sıra kommunal problemlərin mövcud olduğu Bayıl-20-ci yaşayış sahəsinin sosial-iqtisadi inkişafı ilə bağlı yaxın günlərdə genişmiqyaslı işlərə başlanılacaq.


Bildirilir ki, Bakı şəhərindən respublikanın cənub-qərb istiqamətindəki əsas çıxış yolunun məhz buradan keçməsi ilə əlaqədar burada əsaslı yenidənqurma tələb olunurdu. Bununla əlaqədar, artıq respublikanın tanınmış memarlarından təşkil olunmuş 2 qrup tərəfindən Bayıl-20-ci yaşayış sahəsində, buradan keçən Bibiheybət və Salyan şossesi boyunca ən müasir standartlar səviyyəsində aparılacaq yenidənqurma-abadlıq və quruculuq işlərinin layihələndirməsi aparılır və işlər başa çatan kimi onların həyata keçirilməsinə başlanılacaq.


Nəzərdə tutulan işlər çərçivəsində həmçinin bu ərazilərdə ən çox ehtiyac duyulan içməli su və kanalizasiya şəbəkəsinin yenidənqurulması, məhəllədaxili yoların təmiri və işıqlandırılması, burada tam yeni infrastukturun yaradılması da nəzərdə tutulub.