Rusiyada məmurların xidməti yazışmalarda “Google”, “Yahoo” və “WhatsApp” xarici servis sistemlərindən istifadə etməsi qadağan oluna bilər

7 Oktyabr 2015 13:00 (UTC+04:00)

Rusiyalı deputatlar "Dövlət Mülki xidməti haqqında" qanuna və Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinə düzəlişlər hazırlayıblar. Həmin düzəlişlərin yaxın vaxtlarda Dövlət Dumasının müzakirəsinə təqdim edilməsi nəzərdə tutulur.

Movqe.az "Rossiyskaya qazeta" nəşrinə istinadən məlumat verir ki, qanun layihəsi bu həftənin sonunda Dumaya təqdim ediləcək. Bu gurultulu qanun layihəsinin müəlliflərindən biri olan RF KP fraksiyasının üzvü Vadim Solovyovun fikrincə, dövlət bu məmurların işinə xidmət üçün küllü məbləğdə pul xərcləyir, o cümlədən onları kompyuter texnikası ilə təmin edir, lakin indi həmin texnikadan qeyri-korrekt istifadə edilməsi informasiya sızmasına və çox böyük iqtisadi ziyana səbəb ola bilər. V.Solovyov deyib: "Yoxlanılmamış xarici rabitə kanallarından istifadə edərkən son dərəcə ehtiyatlı olmaq lazımdır. İstər xidməti, istərsə də şəxsi xarakterli məlumatları "köçürüb", sonra sizi şantaj edə bilərlər".

Bu təşəbbüs Rusiya cəmiyyətində böyük əks-səda doğurub. Bəzi ekspertlərin fikrincə, bunun üçün qanunvericilik yolu ilə qadağa qoyulmasına ehtiyac yoxdur, güc qurumlarında olduğu kimi daxili təlimatlar hazırlamaq və həmin təlimatların icrasına ciddi nəzarət etmək kifayətdir.


Xatırladaq ki, bu il avqust ayında RF Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin verdiyi məlumata görə Rusiya hakimiyyət orqanlarının serverlərində xarici kəşfiyyat orqanlarının "xüsusi vasitələri" aşkar edilib. N.Patruşev informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət qulluqçularına təklif etmişdi ki, onlar xidməti yazışmalar üçün xarici ölkələrin internet-servislərindən imtina etsinlər.