Portuqaliyada keçiriləcək beynəlxalq incəsənət festivalında Xalq Rəssamı Tahir Salahovun əsərlərindən ibarət Azərbaycan ekspozisiyası təşkil olunacaq

7 Oktyabr 2015 13:25 (UTC+04:00)

Oktyabrın 8-dən 17-dək Portuqaliyanın Lissabon şəhərində keçiriləcək "Ənənə və müasirlik" Beynəlxalq İncəsənət Festivalında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Xalq Rəssamı Tahir Salahovun əsərlərindən ibarət Azərbaycan ekspozisiyası təşkil olunacaq.

Nazirlikdən bildirilib ki, 2007-ci ildən etibarən "Moskva Mədəniyyətin Dəstəklənməsi və müasir incəsənətin inkişafı Fondu"nun təşkilatçılığı ilə ənənəvi olaraq hər il "Ənənə və müasirlik" Beynəlxalq İncəsənət Festivalı keçirilir. Dünyanın 40-dan artıq ölkəsindən və Rusiya Federasiyasının 30 bölgəsindən çoxsaylı rəssamlar festivalda iştirak edirlər. Festival 2014-cü ilədək Moskvada, 2014-cü ildə isə Portuqaliyanın Lissabon şəhərində keçirilib. Hər il festivalı 200 minədək tamaşaçı ziyarət edir.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2009-cu ildən bu festivalda ölkəmizi tanınmış rəssamlar - Tahir Salahov, Sakit Məmmədov, Fərman Qulamov, Rəşad Mehdiyev, Məryəm Ələkbərli və Namiq Məmmədov təmsil ediblər. Çoxsaylı tamaşaçıların və münsiflər heyətinin səsverməsi yolu ilə keçirilən müsabiqənin nəticələrinə əsasən ölkəmizi təmsil edən rəssamlar müxtəlif nominasiyalar üzə birinci mükafata layiq görülüblər.