Əhali əmək müqaviləsi bildirişi ilə bağlı e-xidmətdən 435 min dəfədən çox faydalanıb

7 Oktyabr 2015 18:30 (UTC+04:00)

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) "Elektron hökumət" portalı üzərindən təqdim etdiyi "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" e-xidməti vətəndaşlara onlarla bağlanan əmək müqaviləsi bildirişləri barədə real vaxt rejimində məlumat əldə etməyə imkan verir.


Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, istifadəyə verildiyi vaxtdan əhalinin ən çox istifadə etdiyi e-xidmətlərdən biri olan bu e-xidmətə müraciət edənlərin sayı mütəmadi olaraq artmaqdadır. Cari ilin sentyabr ayı ərzində "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" e-xidmətindən 81 118 dəfə istifadə olunub ki, bu da iyul ayı ilə müqayisədə 1,7 dəfə, avqust ayı ilə müqayisədə isə 2,2 dəfə çoxdur.


Ümumilikdə cari ilin yanvar-sentyabr aylarında həmin e-xidmətdən yararlanan şəxslərin sayı 437 196 nəfər təşkil edib.


Hər bir vətəndaş onunla bağlanmış əmək müqaviləsi bildirişi barədə məlumat əldə etmək istədikdə bunun üçün ilk növbədə "Elektron Hökumət" portalına (www.e-gov.az ) daxil olmalı və ƏƏSMN-in həmin e-xidmətini seçməlidir. Portaldan autenfikasiyadan keçənlər bu xidmətdən istifadə etmək imkanına malikdirlər.