Avropa-Azərbaycan: Əlaqələrin soyuması yanlış addımdır

7 Oktyabr 2015 18:37 (UTC+04:00)

Oktyabrın 6-da Fransanın nüfuzlu "Le Huffington Post" portalında Avropa Parlamentinin ölkəmizin əleyhinə qəbul etdiyi qətnaməni tənqid edən məqalə dərc edilib.


Movqe.az-ın məlumatına görə, məqalənin müəllifi Didye Şode (Didier Chaudet) qeyd edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi səbəbindən Cənubi Qafqazda stabillik təhlükə altındadır və Rusiya regionda möhkəmlənmək və təsirini artırmaq üçün bu problemdən bilavasitə istifadə edir.


Yazıda bildirilir ki, Avropa İttifaqı gücdən istifadə etməyə üstünlük verən ölkələrin qurduğu tələlərə düşməməlidir. Avropa rəhbər dairələri belə düşünür ki, bütün dünya ölkələri onlar kimi sülh və əmin-amanlıq şəraitində yaşayır. Sentyabrın 10-da Azərbaycana aid qəbul olunan qətnamə buna sübutdur. Lakin onlar Rusiyanın regionda olan təsirini təəssüf ki unudurlar: "Bildiyimiz kimi, Avropa Küveyt, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikərinin yerləşdiyi körfəzdən günlük 3 milyon barel neft idxal edir. Beləcə, Avropa İttifaqı lazım olan anda insan hüquqlarını və ya əksinə, praqmatik baxışı seçir. Avropanın diplomatiyasında bu cür yanaşma insan hüquqlarının təşviqinə nəinki müsbət töhfə vermir, əksinə geosiyasi cəhətdən uduzmasına gətirib çıxarır.


Bu kimi halların baş verməsi onu sübut edir ki, sentyabrın 10-da AP-də qəbul olunan qətnamə Azərbaycan və Avropa arasında əlaqələrin soyuması ilə nəticələnəcək. Bunun artıq ilk nümunələri görünməkdədir. Azərbaycanın Ukrayna, Belarus, Moldova və Cənubi Qafqaz ölkələrinin parlament nümayəndələrinin təmsil olunduğu Avronest Parlament Assambleyasını tərk etməsi, eləcə də Avropa Komissiyası nümayəndə heyətinin enerji məsələləri üzrə strateji əməkdaşlıqla bağlı Azərbaycana rəsmi səfərlərinin ləğv olması buna bariz sübutdur.


Heç şübhəsiz ki, Azərbaycan Avropa üçün enerji ixracının şaxələndirilməsi kontekstində mühüm tərəfdaşdır. Görünür, Azərbaycana hücum çəkən Avropa parlamentariləri bu məsələlərin önəmini unudurlar".


Məqalənin orijinalı ilə bu keçiddə tanış olmaq olar: http://www.huffingtonpost.fr/didier-chaudet/relations-europe-azerbaidjan_b_8248954.html