Putin: “Olland Əsədə sadiq qüvvələrlə Suriya müxalifətinin İŞİD-ə qarşı birləşməsini təklif edib”

7 Oktyabr 2015 19:15 (UTC+04:00)

Movqe.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin bəyan edib.

Bu təklifə münasibətini açıqlayan V. Putin "Azad Suriya ordusu"nun harada yerləşdiyini və ona kimin rəhbərlik etdiyini bilmədiyini söyləyib.

"Əgər ümumi düşmənə qarşı, İŞİD və "Cəbhə ən Nusra" kimi terror təşkilatlarına qarşı səyləri birləşdirmək mümkün olsa, Suriyada siyasi nizamlanma üçün yaxşı zəmin yaradıla bilərdi", - deyə o vurğulayıb.

V. Putin Rusiya Silahlı Qüvvələrinin Suriyadakı əməliyyatlarını da yüksək qiymətləndirib. Bununla belə, o, Silahlı Qüvvələrin Suriyada fəaliyyətini yekun qiymət verməyin hələlik tez olduğunu söyləyib: "Silah Qüvvələrin fəaliyyətinə yekun qiymət vermək hələ tezdir, lakin onlar sözsüz ki, müsbət qiymətə layiqdirlər".

Rusiya prezidenti anti-terror əməliyyatlarının çox çətin olduğunu söyləyib: "İndiyinə kimi görülən işlər yüksək müsbət qiymətə layiqdir. Ümumilikdə Müdafiə Nazirliyinə, Baş Qərargaha, Suriyada fəaliyyət göstərən zabitlərimizə və əlbəttə ki, pilotlarımıza xüsusi təşəkkür düşür".