Dərmanların qiymətində yeni ucuzlaşma olacaq

8 Oktyabr 2015 09:00 (UTC+04:00)

Rusiya sənaye və ticarət nazirinin müavini Sergey Tsıb Azərbaycanla Rusiya arasındakı əməkdaşlıqdan danışarkən ona da diqqət çəkib ki, iki ölkə arasında əməkdaşlıqda məqsəd təkcə dərmanların Rusiyadan idxalı məsələsi deyil: "Azərbaycan və Rusiya müştərək müəssisələrin yaradılması üçün çalışmalıdır. Bunlar xüsusilə Rusiya dərmanlarının Azərbaycan ərazisində istehsalı ilə məşğul olan müəssisələr olmalıdır".

Bu açıqlamadan göründüyü kimi ölkəmizdə tezliklə daha çox həcmdə dərman istehsal ediləcəyinin şahidi ola bilərik. Özü də Azərbaycanda dərman preparatları hazırlamaq üçün təbii resurslar boldur. Hələlik isə Azərbaycan dərman preparatlarını əsas etibarı ilə idxal edir. Bu idxalda isə Türkiyə, Kanada, Almaniya, ABŞ, İsrail, o cümlədən Rusiyadan gətirilən dərman preparatları əsas rol oynayır. İndi isə yuxarıda qeyd olunan açıqlamadan göründüyü kimi Rusiya ilə Azərbaycan ölkəmizdə dərman istehsalı ilə məşğul olan müştərək müəssisələrin yaradılmasına çalışırlar. Görəsən, belə bir müəssisələrin yaradılması dərman bazarına nə vəd edir?

Tibb elmləri doktoru Adil Qeybulla Rusiya ilə dərman istehsalı sahəsində müştərək müəssisələrin yaradılmasına belə münasibət bildirdi: "Belə müştərək müəssisələrin yaradılması o qədər də uğurlu variant deyil. Hazırda bildiyiniz kimi Rusiya iqtisadiyyatının özü problem yaşayır. Dərman istehsalı üzrə müştərək müəssisələr yaradırıqsa, niyə dünyanın tanınmış firmaları ilə bunu etmirik? Bu, həm Azərbaycan dərman sənayesinin inkişafı, həm də həmin dərmanların beynəlxalq parametrlərə uyğun şəkildə istehsalı və bazara çıxarılmasına ciddi şərait yarada bilərdi.

Azərbaycanda dərman sənayesinin inkişafı önəmli hadisə olardı. Bu fonda dərman bitkiləri sarıdan xeyli xammal da var. Bu gün dünyada Qərb təbabətilə Şərq təbabətinin sintezi gedir. Hazırda Rusiyadan gətirilən dərmanlar ölkəmizin dərman bazarına hansı effekti veribsə, burada həmin ölkənin dərmanlarından ibarət birgə müəssisələrin açılması da eyni effekti verəcək".

Milli Məclisin deputatı Musa Quliyev bildirdi ki, ABŞ, Türkiyə, ya da Rusiya olsun, bu ölkələrin dərman istehsal edən şirkətlərinin Azərbaycanda nümaynədəliklərinin açılması ölkəmizin dərman bazarına birbaşa olaraq müsbət təsir göstərəcək: "Amma yaxşı olardı ki, bunlar ya müştərək müəssisələr olsun, ya da onların investisiya, informasiya dəstəyilə Azərbaycan öz şirkətlərini yaratsın. Təbii ki, dərman istehsalı hər bir ölkənin strateji məsələlərindəndir. Azərbaycanda da bu iş genişlənməlidir. Ölkəmizdə dərmana ildə adambaşına 20-25 dollar arası vəsait xərclənir. Bunu da əhalimizin ümumi sayına vuranda böyük bir vəsait edir. Ona görə də hesab edirəm ki, Azərbaycanın özünün dərman istehsalına başlamasının vaxtı çoxdan çatıb.

Bunun hansı ölkənin dəstəyilə gerçəkləşməsi isə artıq biznes məsələsidir. Ona görə burada siyasi çalarlar görmürəm. Rusiyada da yüksək keyfiyyətli dərman istehsal edən şirkətlər var. Həmin dərmanların da qiyməti Avropada istehsal edilən dərmanlardan xeyli dərəcədə ucuzdur. Bu da həmin ölkədə Qərbə nisbətən maya dəyərinin aşağı başa gəlməsilə bağlıdır. Ona görə də öz milli dərman şirkətlərimizi yaratmalıyıq. Bu zaman da hər hansı bir ölkə ilə müştərək əməkdaşlıq, ondan dəstək almaq tamamilə normal məsələdir. Qısa zamanda bu işi qurub həyata keçirə bilərik. Ölkəmizdə Rusiya dərmanları haqqında keyfiyyətsiz olması, təsir dairəsinə görə geri qalması rəyi yaradılıb. Bu fikirlərlə razı deyiləm. Çünki dərmanların hazırlanma texnologiyasının standartları demək olar ki, eynidir. Kimyəvi tərkibləri də aşağı yuxarı faktiki olaraq, eynidir. Ona görə də bundan qaçmaq lazım deyil. Həm də ölkə daxilində istehsal ediləndə bura gətirilən məhsulun vergidən azad edilməsi məsələsi var. Bilirəm ki, hökumətin də bu istiqamətdə bir neçə layihələri var. Vacib deyil ki, ancaq böyük dərman zavodları tikilsin. Bir neçə mini dərman zavodları da tikilə bilər. Onları əsasən də regionlarda tikməklə daha çox vergi güzəştlərinə nail olmaq olar, həmçinin, burada işçi qüvvəsi ucuz və çoxdur".