Neft Azərbaycan iqtisadiyyatı üçün arxa plan keçir

8 Oktyabr 2015 10:45 (UTC+04:00)

Qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün siyasi iradənin, iqtisadi dəstəyin davam etdiriləcəyi ölkə rəhbəri səviyyəsində bir daha vurğulandı. Ucarda səfərdə olan prezident İlham Əliyev sahibkarla görüşü zamanı dövlətin sahibkarları dəstəklədiyini, güzəştli kreditlər verdiyini, texnika, gübrə ilə təmin etdiyini, siyasi dəstək olduğunu bildirdi: "Sahibkar da gərək işləsin. Yerli icra orqanları da kömək etsin, mane olmasın. Onda sahibkarlıq daha da sürətlə inkişaf edəcək. Mən demişəm, bir daha demək istəyirəm, iqtisadiyyatımız elə işləməlidir ki, biz neftin qiymətindən asılı olmayaq. Hələ ki, asılıyıq. Bax, neftin qiyməti iki dəfədən çox düşüb, gəlirlərimiz azalıb. Ancaq biz qeyri-neft sektorumuzu daha da sürətlə inkişaf etdirsək, onda neftin qiyməti düşdü, ya qalxdı o qədər də əhəmiyyət daşımayacaq. Bax, bu, əsas istiqamətlərdir və bu istiqamətlər prioritet təşkil edir".

Mütəxəssislər ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün tam şəraitin olduğunu bildirirlər. Xüsusi ilə də siyasi iradənin olması fonunda bu sektorda üstünlüklər qazanacağımız vurğulanır. İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirdi ki, qeyri-neft sektoru Azərbaycan üçün prioritetdir: "Neft ökələri üçün neftin dünya bazarındakı qiymətindən, neft gəlirlərindən asılılığın aradan qaldırılması üçün qeyri-neft sektorunun inkişafı vacibdir. Azərabaycan qeyri-neft sektorunun inkişafı ilə bağlı son illər müəyyən işlər həyata keçirib. Düzdür, buna baxmayaraq hələlik neft və neft məhsulları Azərbaycan ixracatında dominantdır. Amma bununla yanaşı, büdcədə və ÜDM-də qeyri-neft sektorunun payının artırılması mümkün olub. Buna uyğun olaraq da neft sektorunun payında azalmalar müşahidə edilib".

İqtisadçı qeyd edir ki, qeyri-neft sektorunun inkişafını stimullaşdırmaq üçün bir sıra tədbirlərin həyata kçeirilməsinə ehtiyac var: "Əvvəla, dövlət prioritet sahələri müəyyənləşdirməlidir. Düzdür, turizm, informasiya texnologiyası, aqrar sektor prioritet sahə kimi dövlət tərəfindən müəyyənləşdirilib. Amma bu siyahının hər bir sektorun müqayisəli üstünlüyünə və ixrac qabiliyyətinə uyğun olaraq yenidən qiymətləndirilməsinə ehtiyac var. Əslində, Azərbaycan üçün informasiya texnologiyasının inkişafı innovativ istiqamət olsa da, hələlik Azərbaycanın informasiya texnolgiyası müqayisəli üstünlüyə malik deyil. Əksinə, yeyinti, yüngül sənayedə Azərbaycanın ciddi müqayisəli üstünlükləri var. O baxımdan prioritet sektorların yenidən qiymətləndirilməsi və buna uyğun olaraq dövlətin dəstəklədiyi sektorların siyahısını müəyyənləşdirmək lazımdır. Digər tərəfdən Dünya Bankının "Bizneslə məşğulluq" hesabatında Azərbaycanın nisbətən az bal aldığı sahələrdə islahatların davam etdirilməsini vacib sayır. Azərbaycan bir sıra istiqamətlərdə ilk onluq və otuzluğa daxil olsa da, idxal-ixrac, inşaatda lisenziyalaşmaya görə aşağı bala malikdir. Deməli, bu istiqamətlərdə islahatların aparılmasına ehtiyac var. İdxal-ixracın elektronlaşdırılması və bu xidmətin bir hissəsinin ASAN-a verilməsi vacibdir.

İdxal-ixracın sadələşdirilməsi iqtisadiyyatın daha da liberallaşmasına imkan yaradacaq. Həmin hesabatda qeyd edilən digər istiqamətlərdə də islahatların aparılması vacibdir. Yəni, qeyri-neft sektorunun inkişafı islahatların davam etdirilməsinə bağlıdır. Bunun üçün siyasi iradə var. Hökumət bu siyasi iradədən çıxış edərək islahatları davam etdirməklə iqtisadiyyatı liberalaşırmaqla qeyri-neft sektorunun ÜMD-də payını artırmaq və neftdən asılı dayanıqlı və uzunmüddətli dövrdə aradan qaldırması mümkündür. Bu da regional, qlobal problemlərin, neftin qiymətinin düşməsinin Azərbaycan iqtisadiyyatına təsir imkanlarını azaldacaq".

Digər iqtisadçı Yaşar Əsədov isə qeyri-neft sektorunun inkişafını əsasən aqrar sahədə görür: "İlkin kapital kimi kənd təsərrüfatından başlanılmalıdır. Azərbaycan tarixən aqrar ölkə olub. Odur ki, qeyri-neft sektorunun inkişafı üçün imkanlarımız genişdir. Xüsusən də aqrar sahənin adını çəkə bilərik.

11 iqlim qurşağından 9-u Azərbaycandadır. Ölkəmizdə kənd təsərrüfatının istənilən sahəsini inkişaf etdirmək mümkündür. Məsələn, Rusiya sanksiyalara görə, son bir il ərzində aqrar sahəsini inkişaf etdirə bildi. Kənd təsərrüfatı daxili tələbatımızı təmin etmək üçün kifayət edər. Lakin xarici bazara çıxmaq ümün həmin sahəyə böyük investisiyalar yatırılmalıdır".

İqtisadçı vurğuladı ki, Azərbaycanda turizm sahəsinə böyük investisiyalar yatırılıb: "Ancaq turizmin inkişafı bir çox amilləri tələb edir. Kənd təsərrüfatı isə özünü doğrulda bilər. Xüsusi ilə də nəzərə alaq ki, qonşu Rusiyanın kənd təsərrüfatı məhsullarına tələbatı böyükdür. Bizim məhsulların da ora çıxması üçün şərait yaradılıb. Odur ki, kənd təsərüfatını inkişaf etdirmək üçün ilk növbədə dəqiq proqramlaşdırılmış investisiyalar qoyulmalıdır. Qeyri-aqrar sektorda da imkanlar böyükdür".