Ukraynalı qaçqınlar Rusiya ərazisini kütləvi şəkildə tərk edirlər

8 Oktyabr 2015 17:44 (UTC+04:00)

 Hər gün 1500-ə qədər ukraynalı qaçqın Rusiya ərazisini tərk edir.APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romadanovski bildirib. O deyib ki, Rusiyadan ukraynalı qaçqınların stabil axını müşahidə olunur.

FMX gündəlik olaraq Rostov vilayətindəki nəzarət-buraxılış məntəqəsindən 1400-1500 nəfər Ukrayna vətəndaşının öz ölkəsinə keçdiyini söyləyib: "Əgər biz hər gün 8 minə yaxın insanın Rusiyaya girişini qeydə alırdıqsa, indi isə 1500 nəfərin geri axınını müşahidə edirik. Əlbəttə, bu, kompensasiya deyil, lakin yenə də müsbət siqnaldır".

Qeyd edək ki, bu ilin may ayında Rusiya FMX ölkə ərazisində 1 milyon ukraynalı qaçqının olduğunu açıqlayıb. Ümumilikdə isə Rusiya ərazisində Ukrayna vətəndaşlarının sayının 2 milyon nəfərdən çox olduğu bildirilib.