Ehtiyatlı kredit götürməyin qaydaları

8 Oktyabr 2015 20:40 (UTC+04:00)

Azərbaycanda banklar əhaliyə o qədər çox istehlak krediti təklif edir ki, bəzən bunların arasında ən yaxşı variantı seçmək mümkün olmur. Xüsusilə reklam və elanlardakı qarışıq məlumatlar müştəriləri tez-tez çaşdırır, onların dəqiq məlumat almasına manne olur. Nəticədə müştərilər özlərinə sərf edən variantları seçməkdə çətinlik çəkir, daha bahalı kredit seçir və daha artıq pul ödəyirlər.


"VF Azərkredit" bank olmayan kredit təşkilatına istinadən ehtiyatlı kredit götürməyin növbəti qaydasını təqdim edir. Bu qaydalar Mikromaliyyə Mərkəzi (MFC) tərəfindən həyata keçirilən beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində hazırlanıb və ondan dünyada milyonlarla insan faydalanır.


Beləliklə, kredit götürməyə hazırlaşanlar bu qaydalara əməl etməlidirlər.


1. Düzgün seçim etmək üçün müxtəlif kredit təkliflərini müqayisə etməyi öyrənin


Söhbət nədən gedir? Tutaq ki, bizə iki kredit təklif edilir:


1-ci kreditor 12 ay müddətinə 1000 manat təklif edir. Kredit aylıq 100 manat ödənişlərlə ödənməlidir. Kreditin inzibati komisyon haqqı 15 manat təşkil edir.


2-ci kreditor 14 ay müddətinə 900 manat təklif edir. Kreditin aylıq ödənişi 84 manat təşkil edəcəkdir. Kreditin inzibati komisyon haqqı 20 manat təşkil edir


Sizcə hansı kredit daha ucuzdur?

Məsələ bundadır ki, aylıq ödənişləri daha aşağı olan kreditlər heç də ucuz kredit demək deyil. Aylıq ödənişləri hesablayarkən yalnız faiz ödənişlərini deyil, bütün xərcləri və haqları nəzərə alın.


Bundan başqa, bəzi banklar 0%-lə kredit təklif edirlər. Unutmayın, 0% kreditlər çox nadir hallarda rast gəlinir və adətən bu cür kreditlərin digər xərcləri vardır (məs, kredit sığortası, əməliyyat xərcləri və s.) – siz istənilən halda borc aldığınız məbləğdən daha çox pul geri ödəyəcəksiniz.


2. Kreditlərin dəyərini müqayisə edə bilməniz üçün qanunla açıqlanması tələb olunan faktiki illik faiz dərəcələrinə (FİFD) baxın. Banklar müştərini müxtəlif məlumatlarla nə qədər yükləsələr də, sonda bir göstərici dəyişmir. Bu kreditin faktiki illik faiz dərəcəsi – FİFD-dir. Həmin göstərici bütün banklarda eyni qayda ilə hesablanır və banklar bu qaydanı dəyişə bilmirlər. Ona görə də kreditlərin dəyərini müqayisə edə bilmək üçün faktiki illik faiz dərəcəsini (FİFD) müqayisə etmək kifayətdir.


3. Qaydalar deyir ki, sərfəli kredit tapmaq istəyənlər aqressiv kreditorlardan ehtiyatlı olmalıdırlar. Aqressiv kreditor deyəndə - bizə inadla kredit təklif edən təşkilatlar nəzərdə tutulur. Məsələn, krediti inadla reklam edən və s. Təcrübə göstərir ki, "xüsusi təkliflər" adı ilə bizə təklif edilən variantlar çox nadir hallarda doğrudan da xüsusi təklif olur.


4. Kredit götürərkən ən mühüm məsələlərdən biri onun müddətidir. Müştərilər kreditin müddətini müəyyən edəndə diqqətlə düşünməlidirlər. Bir qayda olaraq kreditin müddəti uzun olduqca aylıq ödəniş aşağı düşür. Müştərilərin əksəriyəti də məhz buna aldanaraq krediti uhun müddətə götürməyə üstnlük verir. Hərçənd, uzun müddətə götürülün kredit zamanı ödəniş daha çox olur.


Məsələn, tutaq ki, biz illik 22%-lə 2000 manat kredit götürmək istəyirik.


Əgər pulu bir illiyə götürsək, aydı 187 manat olmaqla ümumilikdə, 2246 manat, yəni 246 manat artıq pul ödəyəcəyik.


Bu məbləğdə krediti 3 illiyə götürəndə isə aylıq ödəniş xeyri aşağı olur -76 manat. Əvəzində banka 2 min manat kredii müqabilində 2749 manat, yəni 749 manat artıq vəsait ödəyəcəyik. Özü də əksər banklarda 2-3 illiyə götürülən kreditlərin faiz dərəcəsi daha yüksək olur. Yəni uzun müddətə kredit götürüləndə daha böyük vəsait itiririk.