ANS-in MTRŞ-yə qarşı iddiası təmin olunmayıb

9 Oktyabr 2015 13:43 (UTC+04:00)

Bakı İnzibati-İqtisad Məhkəməsində ANS Teleradio Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı iddiası əsasında məhkəmə prosesi başlayıb.


Movqe.az-ın APA-ya istinadən məlumatına görə, hakim Müseyib Bayramovun sədrlik etdiyi iclasda MTRŞ-nin ANS telekanalında yayımlanan "Salam Azərbaycan" verilişinin qapadılması barədə oktyabrın 5-də çıxardığı qərardan verdiyi iddiaya baxılıb.  

 

ANS-in nümayəndəsi, vəkil Muxtar Mustafayev çıxış edərək bildirib ki, həmin qərarla ANS telekanalında yayımlanan "Salam Azərbaycan" verilişinin yayımı 10 gün müddətinə dayandırılıb və teleşirkətə maddi ziyan dəyib: "Vətəndaşlar həmin verilişə baxırdılar, bu qərar düzgün deyil. Verilişin efirə getməməsi həm də şirkətin reytinqini aşağı salır".

 

MTRŞ nümayəndəsi Toğrul Məmmədov isə qərarın qanuni əsaslarla çıxarıldığını deyib və bildirib ki, ANS-in qaldırdığı iddianın heç bir perspektivi yoxdur: "Bizim qərar onların islah olunması üçün verilib. Şura daha sərt qərar verə bilərdi, amma humanist davranıb ki, şirkətə daha çox ziyan dəyməsin".

 

Daha sonra məhkəmə müşavirəyə gedib.

 

Müşavirədən sonra qərardad elan olunub. Qərardada əsasən, iddia təmin edilməyib.

 

Qeyd edək ki, sentyabrın 30-da MTRŞ-nın iclası keçirilib. Həmin iclasda ANS televiziyası tərəfindən "Televiziya və radio yayımı haqqında" qanunun tələblərinin pozulması faktı üzrə inzibati icraata baxılıb. Həmin iclasda ANS televiziyasının efirində ANS televiziyasının efirində həftə ərzində bazar günü istisna olmaqla, 1-5-ci günlər (bazar ertəsi-cümə günləri), saat 07:00-dan – 10:00-dək, şənbə günü 08:00-dan 10:00-dək yayımlanan "Salam, Azərbaycan" proqramının yayımının 06 oktyabr 2015-ci il tarixindən etibarən 10 (on) gün müddətinə dayandırılması barədə də qərar qəbul edilib.

 

"ANS" Teleradio Şirkət MTRŞ tərəfindən verilən qərarrın qanunsuz hesab edilməsi barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib.