Azərbaycan Avropanın əsas qaz təchizatçısına çevrilir

10 Oktyabr 2015 08:00 (UTC+04:00)

Avropanın enerji təhlükəsizlyinin təmin olunmasında Azərbaycanın mühüm rol oynması və bu qitəni ayeni alternativ mənbədən təbii qazla təmin edəcək yeganə yeni mənbə qismində çıxış etməsi Qərb dünyasında da açıq etiraf edilir. Hazırda Avropanın enerji idxalını şaxələndirmək üçün məhz Azərbaycana daha çox ehtiyac duyması da özünü qabarıq surətdə büruzə verir.

Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç Parisdə keçirilən konfransda bu xüsusda bildirib ki, Azərbaycan 2020-ci ilədək Avropa İttifaqının əsas qaz təchizatçısı ola bilər. M.Şevçoviç qeyd edib ki, 2020-ci ildə Avropanı qazla təmin edəcək əsas layihələr Azərbaycandan Avropa İttifaqına çəkiləcək "Cənub" qaz dəhlizi və Aralıq dənizi sahillərində yaradılacaq qaz mərkəzləridir. O, 2030-cu ildə Avropa İttifaqına ildə 380-450 milyard kubmetr təbii qaz lazım olacağının proqnozlaşdırıldığını bildirib.

Azərbaycan qazını Avropaya daşıyacaq "Transanadolu" qaz boru kəmərinin inşası isə hazırda sürətlə reallaşır. Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan da bildirir ki, TANAP layihəsinin reallaşdırılması üzrə işlər hazırda sürətlə davam etdirilir: "Tərəflər layihənin həyata keçirilməsində həmrəylik nümayiş etdirirlər. TANAP-a ortaq ölkələrin əl-ələ verməsi layihəyə investisiya prosesini sürətləndirəcək. "Nabucco" layihəsində Avropa İttifaqı tədarük məsələsini həll edə bilmədi. "Nabukko"nun neçə ildir imzalanmasına baxmayaraq, layihə ilə bağlı irəliləyiş yoxdur. Tədarük məsələsində isə Azərbaycan öz resurslarını təklif etdi və həm tədarükdə, həm də tranzit baxımından lazımi dəstəyi göstərdi. Hazırda biz Azərbaycanla TANAP layihəsini sürətlə davam etdiririk".

Xatırladaq ki, Azərbaycanın "Şahdəniz-2" yatağından hasil olunacaq qazı Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan TANAP-ın uzunluğu təxminən 1850 kilometrdir. Cənubi Qafqaz Boru Kəmərinə (CQBK) qoşulacaq TANAP Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq. Boru kəmərinin 2018-ci ildə istismara verilməsi planlaşdırılır. TANAP-la Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. İlkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr olacaq kəmərin bu tutumunun 2023-cü ildə 23 milyard kubmetrə və 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. "Cənub" qaz dəhlizinin ən uzun hissəsini təşkil edən TANAP Cənubi Qafqaz Boru Kəmərindən alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən "Transadriatik" (TAP) boru kəmərinə qoşulmaqla Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.

Avropa Komissiyasının enerji və iqlim dəyişikliyi üzrə komissarı Migel Arias Kanyete də TANAP və TAP kəmərlərinin Avropa üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayır: "Avropa İttifaqı vətəndaşları və şirkətlərini təhlükəsiz və dayanıqlı enerji ilə təchiz etmək Komissiya üçün prioritetdir. Biz regionda uğurlu dəyişikliklərə nail olmuşuq və bununla bağlı bir neçə nümunə də deyə bilərəm. Hazırda illik 10 milyard kubmetr qazı Avropaya daşıyacaq TANAP və TAP layihələrinin fəaliyyətə başlamasını gözləyirik". ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta da bildirir ki, Azərbaycanın hazırda müvəffəqiyyətlə həyata keçirdiyi "Şahdəniz" və "Cənub" qaz dəhlizi layihələri qlobal əhəmiyyəti layihələrdir. Bu layihələr regionun, eləcə də Avropanın enerji təchizatının təmin olunmasında və diversifikasiyasında mühüm missiyanı yerinə yetirəcəklər. Səfir qeyd edib ki, ABŞ ilə Azərbaycan digər sahələrdə olduğu kimi enerji sahəsində də strateji tərəfdaşlardır.

Onu da qeyd edək ki, hazırda Avropanın enerji xəritəsində və təbii qaz bazarında müəyyən dəyişikliklər baş verir. Məhz bu fonda gözlənilir ki, 2020-ci ildə Azərbaycanın "Şahdəniz-2" yatağından hasil edilən qazın Avropaya nəql edilməsi ilə qitənin qaz bazarı və qaza olan tələbatı yenidən canlanacaq. Azərbaycan isə bütün dövrlərdə aydın nümayiş etdirib ki, enerji təhlükəsizliyinin təmin olunmasında Avropanın etibarlı tərəfdaşıdır və bundan sonra da bu hal dəyişməyəcək.