Azərbaycandan uzaq düşən Nobel mükafatı

10 Oktyabr 2015 11:30 (UTC+04:00)

Müxtəlif sahələr üzrə "Nobel" mükafatının verilməsi davam edir. Artıq fiziologiya və tibb, fizika, kimya, ədəbiyyat, sülh üzrə mükafatçıların sahibləri müəyyənləşib. İqtisadiyyat üzrə "Nobel" mükafatı isə oktyabrın 12-də sahibinə təqdim olunacaq.

Bu dəfə sevindirici hal o oldu ki, kimya üzrə mükafatın sahiblərindən biri qardaş Türkiyədən Cümhuriyyətindən Əziz Sancar adlı kimyaçı oldu. O, DNT-nin bərpası üzrə mexanizmlərin araşdırılmasında göstərdikləri naliyyətlə əlaqədar bu mükafata layiq görüldü. Amma hadisənin üzücü tərəfi odur ki, laueratçılar sırasında yenə də Azərbaycan ailimim adı yoxdur.

Təhsil məsələri üzrə ekspert Nadir İsrafilov bildirdi ki, bu gün 30 yaşında elmlər doktoru adı alan alimimiz yoxdur: "Bizdə elmdəki əksər nailiyyətlər Sovet dövründən olan alimlərin hesabınadır. Düzdür, hazırda bu istiqamətdə işlər aparılır. Amma bu cəhdlər ləng gedir. Bu gün təhsilə dair islahat proqramı var. Ondan sonra da "Təhsil haqqında" Qanun da qəbul olundu. Amma onun çərçivə qanunu olması elə özündə göstərilmişdi. Yəni, ondan sonra konkret sahəvi qanunlar qəbul olunmalıdır. O cümlədən elm haqqında qanunu da qəbul edilməlidir.

Bundan başqa, magistratura ilə əlaqədar gənclər hərbi xidmətdən azad olunmalıdırlar. Bunların hamısının elmin inkişafı üçün böyük əhəmiyyəti var. Çünki, tələbə bakalavr pilləsini bitirəndən sonra dərhal hərbi xidmətə gedir və bununla bildiklərini də yaddan çıxarır. Yəni, ən əsası elmə marağı stimullaşdırmaq lazımdır. Elmlə təhsil bir-biri ilə sıx əlaqəlidir. Hazırda təhsildə məktəb mühiti itir. Təhsilin bilvasitə repetitorların çiynində inkişaf etməsi o sahədə böyük nailiyyət əldə etmədiklərimizi göstərir. Baxmayara ki, 2013-cü ildə təhsilin inkişafı üzrə Dövlət Strategiyası qəbul olunub. Bununla bağlı fəaliyyət planı da təsdiqlənib. Burada təhsilin, elmin inkişafı, dünya strandartlarına çatması üçün bir sıra istiqamətlər müəyyənləşdirilib.

Biz təhsilə dair ən qabaqcıl, dünya səviyyəli nəzəriyyələri, qərarları qəbul edirik. Problem orasındadır ki, qərarların işlək mexanizmi istənilən səviyyədə deyil. Məsələn, Boloniya sisteminə qoşulmuşuq. Bu, təhsilimizə böyük üstünlük verməli idi. Amma hazırda Boloniya sisteminin ancaq kredit məsələsindən istifadə edirik. Baxmayaraq ki, Boloniya prosesinin əsas məqsədi Avropada ortaq təhsil məkanı yaratmaqdır. Problemlərin aradan qaldırılması üçün praktiki işlər görülməlidir".

Təhsil məsələləri üzrə digər ekspert Vahid Aslan isə problemin kökünü tək bizdə axtarmadı: "Nobel" mükafatı sıradan adi bir insanlara verilmir. Dünya elminə hansısa sahədə yenilik gətirənlərə təqdim edilir. Düzdür, təhsilimizdə hələlik mövcud bir sıra problemlər var. Orta məktəblər kurikulum təhsil sisteminə keçib, amma kurikulumun tələblərinə uyğun olaraq orta məktəblər innovativ maddi texniki baza ilə təmin olunmayıb.

Akademik səviyyədə isə dünya səviyyəli kəşflərimiz yoxdur. Digər nünas təhsilin, infrastrukturun yüksək səviyyədə formalaşmamsıdır. Amma problemi tək özümüzdə axtarmayaq. Müsəlmanlara yanaşmada qeyri-obyektivliyin Azərbaycana da təsiri var. Baxmayaraq ki, ölkəmiz Nobel qardaşlarının buradan apardığı sərvət hesabına formalaşdırdığı mükafatı almağa layiq görülə bilər".