Belarusda prezident seçkilərini 30 ölkədən jurnalistlər müşahidə edəcəklər

10 Oktyabr 2015 12:30 (UTC+04:00)

Belarusda prezident seçkilərini 30 ölkədən jurnalistlər müşahidə edəcəklər. Movqe.az BELTA-ya istinadla məlumat verir ki, bu barədə Belarus Respublikasının Seçkilər və Referendumların Keçirilməsi üzrə Mərkəzi Komissiyasının "Prezident seçkiləri -2015" informasiya mərkəzinin rəhbəri, informasiya naziri Liliya Ananiç mərkəzin fəaliyyəti barədə brifinqdə məlumat verib.


Seçki kampaniyasını 30 ölkədən 542 jurnalist və Belarus KİV-lərinin 398 nümayəndəsi işıqlandıracaq.


Jurnalistlərin çoxu ilkin səsvermə başlayandan seçki məntəqələrində işləyir.


İnformasiya mərkəzi oktyabrın 11-də saat 10:00-da açılacaq. Dərhal da seçki komissiyasının sədri Lidiya Yermoşinanın birinci mətbuat konfransı keçiriləcək. Respublika Sarayında hər iki saatdan bir mətbuat konfransları keçiriləcək. Mətbuat konfranslarında vilayət komissiyaları ilə telekörpülər təşkil ediləcək.


Elə həmin gün jurnalistlərə tanınmış sosioloqların iştirakı ilə "dəyirmi masa"larda iştirak etmək təklif olunacaq.


Oktyabrın 12-də prezident kampaniyasının ilkin yekunlarına dair mətbuat konfransları nəzərdə tutulub.