Nazir: “Son 12 ildə Azərbaycanda 3000-dən artıq məktəb tikilib və əsaslı təmir olunub”

10 Oktyabr 2015 15:00 (UTC+04:00)

Bu gün Şəmkir şəhər Nizami Gəncəvi adına tam orta məktəbin açılış mərasimi keçirilib. Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, mərasimdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, son 12 ildə Azərbaycanda 3000-dən artıq ümumtəhsil müəssisəsi tikilib və əsaslı təmir olunub: "Şəmkir şəhərində belə bir təhsil ocağının inşa olunması ölkə prezidentinin təhsil sahəsinə olan yüksək diqqət və qayğısının bariz nümunəsidir. Bu diqqətin sayəsində artıq ölkəmizin bütün rayon və şəhərlərində yeni-yeni məktəb binaları tikilir, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Yeni istifadəyə verilən bu məktəbdə də yüksək keyfiyyətli təhsil almaq üçün bütün şərait nəzərdə tutulub".