Saxta endirim kampaniyaları ilə yenə vətəndaşlar aldadılır

13 Oktyabr 2015 07:00 (UTC+04:00)

Payız fəslinin gəlməsilə satış mərkəzlərində yeni endirimlərə start verilib. Yenə də mağazaların əksəriyyəti satılan mallara 30, 50, hətta 70 faizə qədər endirimlərin olduğunu iddia etməyə başlayıb. Amma bu endirimlərin çox vaxt aldadıcı olduğu, sadəcə, müştəriləri cəlb etməyə hesablandığı üzə çıxır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, endirimə gedən mağazaların yarısından çoxunda bu addım həqiqəti əks etdirmir: "Mağazaların mallara etdiyi endirimlərin saxta olduğu barədə hər həftə birliyə çoxsaylı zənglər daxil olur. Hər həftə bununla bağlı azı 10-15 telefon zəngi alırıq. Bu zənglərdə həmin endirimlərin reallığı əks etdirmədiyi, onun aldadıcı olduğu, endirim reklamları verilsə də, reallıqda bunun baş verməməsi barədə fikirlər səsləndirilir.

Məsələ ondadır ki, vətəndaş verilən reklama inanır, mağazaya üz tutur. Seçim etsə də, sonda görür ki, endirim aldığı mala aid deyil. Bunun özü də narazılığa gətirib çıxarır. Digər tərəfdən, endirim zamanı vətəndaş malı alır, mal onun istehlak tələbatını ödəmir. Vətəndaşın bu halda müəyyən müddət dönəmində, 14 gün ərzində onu dəyişdirmək hüququ var. Belə olanda deyirlər ki, endirim kampaniyasından aldığınıza görə mal dəyişdirilmir. Bunun özü də qanuna ziddir. Endirimli olub-olmamasından asılı olmayaraq, vətəndaşın malı dəyişmək hüququ vardır. Endirim zamanı başlıca qanun pozuntusu malların üzərində Nazirlər Kabinetinin 94 saylı qərarının əksinə olaraq, maddi məsul şəxsin imzası olan rəsmi qiymət sənədinin olmamasıdır. Sadəcə olaraq, bir qiymət yazır, sonra üstündən xətt çəkib, aşağıdan da başqa qiymət yazırlar. Heç bir maddi-məsul şəxs isə buna görə məsuliyyət daşımır. Nazirlər Kabinetinin qərarı pozulduğuna və həmin məsul şəxslərin imzası olmadan bu cür malların satışına görə, həmin satış mərkəzlərini minimum olaraq 500 manat cərimə gözlənilir. Xüsusən də texniki cihazlarla bağlı da həmin seçim məsələsi var.

Endirim zamanı əhalinin hüquqlarının ciddi pozulması halı əsasən qiymətlərdə aldadılması məsələsidir. Yəni, əslində, endirim olmur, sadəcə olaraq, aldadıcı reklam olur. Istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna görə, istehlakçının hüququ var ki, satıcıdan malın qiymət sənədlərini təqdim etsin və endirimin real olduğuna inansın. Bütün dünya ölkələrində 70 faizə qədər endirimlər ola bilər, bu qeyri-adi deyil. Bəzən müəyyən barter əməliyyatları olur. Lakin belə hallarda istehlakçıların aldadılması halları olmamalıdır. Endirimləri etməkdə biznes qurumları sərbəstdir. Onlar bunu hər mala münasibətdə edə bilərlər. Amma yüksək endirimlər əsasən geyim malları, ayaqqabı məhsulunda, texniki cihazlarda olur. Azərbaycanda bazardakı endirimlərin təxminən 50 faizi yalançı endirimlərdir. Yəni, bu endirimlər orada qeyd olunan rəqəmlərə adekvat deyil. Lakin ümumilikdə bazarda mövcud olan endirimlərin təxminən 30 faizi reallığı əks etdirir".