Məktəb bufetlərində yenidən zərərli qidalar peyda olub

16 Oktyabr 2012 08:33 (UTC+04:00)

67 saylı məktəbin direktor müavini Ceyran Məmmədova: "Məktəb rəhbərliyi gətirilən məhsulların standartlara cavab verməsinə, təzə olmasına nəzarət edir"

46 saylı məktəbin direktoru Sevinc Budaqova: "Məktəb bufetlərində uşağın sağlamlığına zərər vuran çipsilər, paket çöpləri, saqqız da satılır"

111 saylı məktəbin direktoru Jalə Hacıyeva: "Üstünlük şirələr və şirniyyatlara verilir"

20 saylı məktəbin direktoru Sabir Məmişov: "Məktəb bufetlərində qiymətlər mağazadakı qiymətdən baha olması ilə seçilir"

Məktəb bufetlərilə bağlı problemlər hələ də öz aktuallığını saxlamaqdadır. Məktəblərdə satılan məhsullardan zəhərlənmə hallarının olmaması üçün bufetlərə xüsusi nəzarəti həyata keçirilməsi lazımdır. Lakin bu günlərdə Xırdalan şəhər 9 saylı məktəb baş verən zəhərlənmə hadisəsi bufetlərdə satılan ərzaq məhsullarına nəzarətin hələ də lazımi səviyyədə olmadığını göstərir.

Bu isə yolverilməz haldır. Ümumiyyətlə görəsən, məktəblərdə hansı növ qidalar verilir? Direktorlar tərəfindən bu prosesə nə cür diqqət yetirlir?

104 saylı məktəbin direktoru Kərəm Mehdiyev məktəb bufetində yalnız quru yeməklərin verildiyini diqqətə çatdırdı: "Məktəb bufetində hansı növ qidaların verilməsinə tərəfimizdən diqqət yetirilir. Amma ora hansı məhsulların gətirilib satılmasına əsasən iaşə cəmiyyəti baxır. Prosesə ümumən həmin iaşə cəmiyyəti nəzarət edir. Biz isə bufetdə məktəbə aid olmayan yeyinti məhsullarının satılmaması prosesinə nəzarət edirik. Bufetdə ancaq quru yeməklər verilir. Özü də gətirilən hər bir malın sertifikatı vardır. Soklar, sular isə yoxdur. Burada satılan məhsulların köhnə olub-olmamasını məktəbin həkimləri də nəzarət edir. Bufetin özünə gəldikdə isə, o standartlara tam şəkildə cavab verir. Sanitar qaydalar da öz yerindədir".

67 saylı məktəbin direktor müavini Ceyran Məmmədova isə qeyd etdi ki, məktəb rəhbərliyi bufetlərdə satılan məhsulların keyfiyyətinə ciddi şəkildə nəzarət edir: "Bufetdə ancaq quru yeməklər verilir. Firmadan gələn hər bir məhsul qaimə ilə gələn məhsullardır. Məktəb rəhbərliyi isə gətirilən məhsulların standartlara cavab verməsinə, təzə olmasına nəzarət edir. Bu istiqamətdə məktəbin ciddi nəzarəti hökm sürür".

46 saylı məktəbin direktoru Sevinc Budaqova təəssüflə bildirdi ki, məktəb bufetində çipsilər, saqqız kimi məhsullar da satılır: "Bufetlərdə nələrin satılmasına diqqət yetiririk. Amma burada hansı qidaların verilməsi işinə məktəb olaraq qarışa bilmirik. Çünki bufetlərdə satılan məhsullar ümumi bazadan gətirilir. Gətirilən yeməklərin lisenziyasının alınması, hansı şəraitdə göndərilməsi prosesi də baza tərəfindən həyata keçirilir. Məktəbimizdəki Valideyn Müəllim Assosiasiyası da bufetə nəzarət edir. Bilirsiniz ki, keçən ildən başlayaraq məktəb bufetlərinə meyvələr də verilir. Ancaq "Kola", "Fanta" kimi içkilərlə bağlı məsələ birabırçı vəziyyətdədir. Əvvəl bu məhsulları şüşə qablarda gətirirdilər. Bu isə təhlükəsizlik nöqteyi-nəzərdən qorxulu vəziyyət yaradırdı. Sonradan müraciətimizdən sonra həmin suları "plasmats" qablarda gətirdilər. Ancaq uşaqların "Kola", "Fanta" ilə dolanması heç də normal hal deyil. Bir çox ailə iqtisadi nöqteyi nəzərdən heç uşağının səhər yeməyinə tam şəkildə nəzarət edə bilmir. Ona görə də uşaqların bəziləri məktəbə ac şəkildə gəlir. Ona görə də hesab edirəm ki, məktəbin bufetində isti kakao, isti süd, isti çay hazırlamaq üçün aparatların olması yaxşı olardı. Təəssüf ki, məktəb bufetlərində uşağın sağlamlığına zərər verən, mənşəyi bəlli olmayan çipsilər, paket çöpləri, saqqız da satılır. Bu məsələ bazadan gələn normativlər əsasında həyata keçirildiyindən prosesə qarışa bilmirik. Düzdür, gətirilən məhsulların keyfiyyət məsələsinə nəzarət edirik. Bu sahədə növbətçi valideynlərimiz vardır. Onlar növbəli olaraq gətirilən malların müddəti, keyfiyyəti məsələlərinə baxırlar. Bu kimi addımlardan başqa büfetə gətirilən məhsullar üzərində nəzarət istiqamətində başqa imkanlarımız yoxdur".

111 saylı məktəbin direktoru Jalə Hacıyeva də bufetdə isti yeməklərin verilmədiyi, ancaq şirniyyat və şirələrlə kifayətləndiklərini söylədi: "Hazırda məktəbin bufeti tələb olunan səviyyədə, səliqəli vəziyyətə salınıb. Burada verilən qidaya gəldikdə, həmin məhsullar xüsusi idarədən alınır. Düzdür, isti yeməklər yoxdur. Gətirilən həmin məhsullar quru yeməklərdir. Üstünlük şirələr və şirniyyatlara verilir. Özümüz də malın keyfiyyətinə tez-tez baxırıq. İndiyə kimi vaxtı keçmiş məhsullarla rastlaşmamışıq. Yəni məktəbin bufetdəki prosesə müdaxiləsi yalnız nəzarət formasında həyata keçirilir".

20 saylı məktəbin direktoru Sabir Məmişov isə bufetlərdə satılan məhsulların mağaza qiymətlərindən baha olmasından şikayətləndi: "Məktəbdə şagirdlərə qida verilməsi prosesinə rəhbərlik qarışa bilmir. Amma əslində bufetdə satılan hər bir şeyə məktəb rəhbərliyi cavabdeh olmalıdır. Orada satılan hər bir şey əslində məktəb rəhbərliyi və məktəb həkiminin qolu olmadan satılmamalıdır. Lakin belə bir səlahiyyətimiz yoxdur. Prezident 18 saylı məktəbdə olduqdan sonra göstərişinə əsasən koka-kola kimi içkiləri bufetlərdən yığışdırdılar. Amma bununla bərabər məktəb bufetlərində nəyin satıla biləcəyilə bağlı siyahı olmalıdır. Rusiyada çipsilər, çöplərin məktəb bufetlərində satılmasına qadağa qoyulub. Biz isə prosesə qoşula bilmədiyimizdən bufetlərdə həmin məhsulların satılmasının qarşısını ala bilmirik. Digər tərəfdən, məktəb bufetlərində satılan yeməli və içməli məhsullar mağazalardakı qiymətlərdən baha olmamalıdır. Uşaq yeməklərində güzəşt olmalıdır. Amma istənilən məktəb bufetlərinə baxsaq buradakı qiymətlərin mağazadakı qiymətlərdən baha olduğunu görərik. Məktəbdə ancaq quru yeməklər verilir. Lakin isti yeməklərin verildiyi məktəblər də var. Biz də istərdik ki, bufetdə isti yeməklərin verilməsinə şərait yaradılsın".