Makkeyn: “Obama İranla bağlı iflasa uğramış siyasətindən imtina etməlidir”

13 Oktyabr 2015 13:12 (UTC+04:00)

"İran BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozaraq yeni nəsil uzaq mənzilli raketlərin sınağını keçirib".


Movqe.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin rəhbəri, respublikaçı Con Makkeyn bəyan edib.

 

"ABŞ administrasiyasının İranla nüvə sazişini imzalamasından bir neçə ay keçib. Obama və Kerrinin iddialarına rəğmən İranda ABŞ-a münasibətdə sərt kursun tərəfdarlarının zəifləməsi, mötədil təbəqənin isə güclənməsi baş verməyib".

 

Senator bildirib ki, ötən bir neçə həftə ərzində İran Bəşər Əsədə yardım məqsədilə Suriyaya yüzlərlə silahlı birləşmələr göndərib. Onun sözlərinə görə, İran yaxın vaxtlarda Rusiyadan S-300 zenit raket kompleksləri almağı planlaşdırır:

 

"Prezident İran hakimiyyətinə güzəşt etmək kimi iflasa uğramış siyasətindən imtina etməli və ona qarşı olmaq üçün daha çox əmək sərf etməlidir".

 

Xatırladaq ki, İran və "altılıq" (ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin və Almaniya) ölkələri arasında İranın nüvə sazişinə dair birgə fəaliyyət planı bu ilin iyulun 14-də imzalanıb. Plana əsasən, İran nüvə silahının hazırlanmasından imtina edir, 15 il ərzində uranı zənginləşdirməyəcəyinə və nüvə obyektlərinin tamamilə sülh məqsədilə istifadə edəcəyinə dair üzərinə öhdəliklər götürür. Yaxın vaxtlarda sanksiyaların ləğvinin başlanacağı gözlənilir. Lakin BMT TŞ tərəfindən tətbiq edilmiş silah embarqosu 5 il ərzində qüvvədə saxlanılacaq. Beynəlxalq Atom Enerjisi Agentliyinin ekspertləri isə 25 il ərzində nüvə obyektlərinin monitorinqini həyata keçirəcəklər.

 

Qeyd edək ki, şərtlərin pozulacağı təqdirdə, sanksiyalar yenidən bərpa olunacaq.