Allahşükür Paşazadə: “Bəzi məscidlərin axund və imamları qorxaqlıq nümayiş etdirir”

13 Oktyabr 2015 13:50 (UTC+04:00)

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə dini radikalizm və terror hadisələri, İslam adından sui-istifadə edilərək terror və işğalların həyata keçirilməsi haqqında fikirlərini bölüşüb.


A. Paşazadə məscidlərin axund və imamlarına, ruhanilərə xitabən bildirib ki, yalnız daxili vəhdəti qorumaqla, milli-mənəvi birliyi daha da möhkəmləndirməklə, vətənin maraq və mənafelərinə sadiq olmaqla bu bəlalardan qorunmaq mümkündür: "Məlumatlar daxil olur ki, yerlərdəki bəzi məscidlərə dəstə-dəstə bəzi adamlar gəlir. Kimsə hansısa fikirlərin daşıyıcılarını din adı altında başına toplayıb, yaxınlıqdakı məscidə gedir. Əvvəl görmüşdük ki, adam tək-tək məscidə gələr, indi topa-topa gəlirlər. Bizim oradakı axund və imamların bəziləri də onlar qarşısında qorxaqlıq nümayiş etdirərək səslərini çıxarmırlar. Sən nədən qorxursan axı? Qorxursansa, deməli sən ruhani deyilsən! Sənin arxanda Allah var, Azərbaycan dövləti var. Sən onlardan qorxmaqla dövlətinə, dininə xəyanət etmiş olursan".