İran parlamenti “altılıq” ölkələri ilə imzalanan sazişi təsdiqləyib

13 Oktyabr 2015 14:00 (UTC+04:00)

İran parlamenti "altılıq" ölkələri (BMT TŞ-nın 5 üzvü və Almaniya) ilə imzalanan sazişi təsdiqləyib.

 

Movqe.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İranın İRNA agentliyi məlumat yayıb.

 

Saziş Qərbin sanksiyaların ləğvi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri pozacağı halda, İran xalqına cavab tədbirləri görmək və Birgə fəaliyyət planının icrasını dayandırmaq üçün səlahiyyət verir. Əks tədbirlər İranın sürətlə nüvə proqramının icrasına başlamasını və iki il ərzində uranın 190 min sentrifuqa qədər zənginləşdirilməsini nəzərdə tutur.

 

Təsdiq edilmiş qanun layihəsi hökuməti müdafiə və təhlükəsizlik sahəsində informasiya təhlükəsizliyinə əməl etməyə çağırır. Müvafiq müddəalara əsasən, Beynəlxalq Atom Enerjisi Agentliyi müfəttişlərinin Milli Təhlükəsizlik üzrə Ali Şuranın icazəsi olmadan İranın hərbi obyektlərinə buraxılmasına qadağa qoyulur.

 

Sənəd eyni zamanda Yaxın Şərqdə nüvə silahından azad zonanın yaradılmasında region dövlətlərinin inteqrasiyasının gücləndirilməsini nəzərdə tutur, habelə İranın hərbi doktrinasını təsdiqləyir.

 

Qeyd edək ki, İranla "altılıq" ölkələri arasında Birgə Fəaliyyət Planı bu ilin iyulun 14-də Vyanada imzalanıb. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir.