Gürcüstanın enerji təhlükəsizliyi Azərbaycandan asılı olacaq

14 Oktyabr 2015 08:00 (UTC+04:00)

Qonşu Gürcüstanın kifayət qədər sərfəli qiymətlərlə təbii qazla təmin olunmasında bu gün əsas təchizatçı qismində Azərbaycanın çıxış etməsi birmənalı həqiqətdir. Bu fonda rəsmi Tiflisin Rusiyanın "Qazprom" şirkəti ilə danışıqlara gedərək burada Azərbaycanı əvəzləyə biləcəyiən dair yayılan məlumatlar da reallığı əks etdirmir. Bunu gürcü rəsmiləri özləri də açıq etiraf edirlər.

Gürcüstanın baş naziri İrakli Qaribaşvili də vurğulayır ki, Azərbaycan ölkəsinin strateji tərəfdaşıdır və bu siyasət dəyişməzdir. Baş nazir bəzi siyasi rəqiblərinin Rusiyadan təbii qazın alınması müqabilində Gürcüstanın Azərbaycan ilə münasibətlərinə yenidən baxılacağı ilə bağlı bəyanatlarını absurd adlandırıb: "Azərbaycan qazının başqa ölkədən alınacaq təbii qazla əvəzlənməsi barədə heç bir söhbət gedə bilməz. Azərbaycan bizim strateji tərəfdaşımızdır. Qarşılıqlı münasibətlərimizə yenidən baxılması məsələsi müzakirə mövzusu deyil və ola da bilməz. Azərbaycan ilə strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi Gürcüstan dövlətinin və hökumətinin əsas hədəflərindən biridir. Azərbaycanla bağlı siyasətimiz dəyişməzdir".

Gürcüstan baş naziri deyib ki, münasibətlərin yenidən nəzərdən keçirilməsindən söhbət getmir: "Siyasətçi Azərbaycanla münasibətlərə yenidən baxmaq barədə necə düşünə bilər ki? Axı bu absurddur. Mən müxalifət partiyalarının belə absurd fikirlər irəli sürməsinə təəccüblənirəm". Xatırladaq ki, Gürcüstanın energetika naziri Kaxa Kaladze Rusiyanın "Qazprom" şirkəti ilə Gürcüstana qaz təchizatına dair danışıqlar aparıb. Həmçinin bildirib ki, Gürcüstan qaz təchizatı mənbələrini şaxələndirəcək. Amma sonradan nazir etiraf edib ki, söhbət kommersiya qazından gedir. Kaladzenin sözlərinə görə, kommersiya bazarı nizamlanandır və istənilən şirkət ona sərf edən qiymətə Azərbaycandan, Rusiyadan, Türkiyədən, İrandan, eləcə də Ermənistandan qaz ala bilər: "Söhbət yalnız kommersiya qazının alınmasından gedir. Siz bilirsiniz ki, kommersiya bazarı tənzimlənib və hər hansı bir şirkətin özü üçün əlverişli qiymətə Azərbaycan, Rusiya, İran, Türkiyə və Ermənistandan təbii qaz almaq imkanı var. Buna heç vaxt məhdudiyyat qoyulmayıb, qoyulmur və qoyulmayacaq". Rəqabət məsələsinə gəldikdə isə Kaladze deyib ki, bu haqda danışmaq münasib olmazdı, çünki Azərbaycan strateji tərəfdaşdır.

Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlərin nizamlanması üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze isə bildirib ki, Azərbaycan Gürcüstana təbii qazın əsas tədarükçüsü olaraq qalacaq, hətta Rusiyadan qaz kəməri vasitəsi ilə tranzit artacağı halda belə: " Azərbaycan bu baxımdan bizim strateji tərəfdaşımızdır və bu belə olaraq qalacaq".

Gürcüstan 2007-ci ildən Rusiyadan qaz almır, əsas tədarükçü Azərbaycandır. Lakin Gürcüstan Rusiya qazının Ermənistana ümumi tranzit həcminin 10%-ni götürür. Ölkənin qazla təminatının 90 faizini isə məhz Azərbaycan həyata keçirir. Gürcü müxalifəti isə bu fonda Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsini zəruri sayır. Məsələn, Vahid Milli Hərəkat Partiyasının bəyanatına görə, Rusiyanın qaz inhisarçısı ilə danışıqlarda dövlət üçün risk görürlər. Daha bir müxalifət nümayəndəsi Nuqzar Tsiklaurinin sözlərinə görə isə, "Qazprom"la aparılan danışıqlar siyasi xarakter daşıyır və ölkənin enerji təhlükəsizliyinin zəifləməsinə yönəlib.

Azərbaycan iəs baş verənlərdə heç bir problem görmür. SOCAR-ın Gürcüstandakı törəmə şirkəti "SOCAR Energy Georgia"nın prezidenti Mahir Məmmədov qeyd edir ki, SOCAR Gürcüstan bazarında Rusiyanın "Qazprom" şirkəti ilə azad rəqabətə hazırdır. Onun sözlərinə görə, Rusiyanın Gürcüstana qaz təchizatını artırması bu ölkə bazarında rəqabəti gücləndirəcək: "Bu, azad bazardır, digər şirkətlərin iştirakı rəqabət səviyyəsini artıracaq və deməli xidmətlərin keyfiyyətini yaxşılaşdıracaq. Əgər Gürcüstan Rusiyadan daha çox qaz almaq barədə qərar versə, biz də yeni şərtlərə uyğunlaşacağıq və inkişafımızı davam etdirəcəyik. Ümumiyyətlə, biz rəqabətə hazırıq". O qeyd edib ki, SOCAR-ın Gürcüstandakı fəaliyyətində heç bir gərginlik yoxdur: "Biz öz öhdəliklərimizi yerinə yetiririk. Gürcüstan hökuməti ilə SOCAR arasında 2025-ci ilədək sosial qazın təminatı barədə müqavilə var. Gürcüstan tərəfindən, yaxud bizim tərəfdən bu müqavilənin birtərəfli kəsilməyə başlaması üçün hər hansı məqama əsas yoxdur. Ümumiyyətlə, hər hansı müddəanın yenidən baxılmasına əsas yoxdur".

Beləliklə, bütün bunlar Azərbaycanın Gürcüstanın qaz bazarında yenə lider mövqedə olacağını aydın göstərir. "Qazprom" istəsə belə, hələ yaxın illər üçün burada Azərbaycanı əvəzləyə bilməyəcək.