Qadın Almatıda nağıllarda rast gəldiyimiz qəsr tikir

13 Oktyabr 2015 19:45 (UTC+04:00)

Almatıda qadın orta əsr üslubunda qəsr tikir. Olqa Şin bu yolla uşaqlıq arzusunu həyata keçirmək istəyir. Qəsr Karqalı mikrorayonunda yerləşir və onun tikintisi altı ildir davam edir.


Üç övladı olan Olqa Şin vəkil işləyir və ailəsi ilə adi evdə yaşayır. O deyib: "Qəsr tikilən yer əvvəlcə zibilxana idi. Biz ailəliklə burada səliqə-sahman yaratdıq, ağaclar, güllər əkdik. Bu işə çoxlu güc, vaxt və pul sərf olundu.


2009-cu ildə biz özümüzə ev tikdik, lakin bir qədər sonra qərara gəldik ki, mənim uşaqlıq arzumu həyata keçirək - əsl qəsr tikək".


Vəkil Olqa Şin etiraf edir ki, boş vaxtlarında dizayn və memarlıqla məşğul olur. Bu, onun xobbisidir. Qalanın layihəsini o özü hazırlayıb, mərtəbələrin sayını və gələcək interyeru özü fikirləşib. Ailə tikintiyə 250 min dollar xərcləyib. Qəsr adi materiallardan - kərpicdən və betondan tikilir.


"Mən niyə görə qəsr tikirəm? Birincisi, bu, həqiqətən arzumdur. Bütün dostlarımız deyirdilər ki, biz dəliyik. Lakin indi onlar gəlirlər və görürlər ki, əgər istəsən öz arzunu həyata keçirə bilərsən. İkincisi, mən uşaq inkişaf mərkəzi yaratmaq istəyirəm. Divarlarda cizgi filmlərinin qəhrəmanları, məsələn, birinci mərtəbədə rus xalq nağıllarının, ikincidə Disney, üçüncüdə isə Qazax eposunun qəhrəmanları təsvir olunacaq. Əlbəttə ki, orada Aldarkosa olacaq. Əsas məqsəd odur ki, uşaqlar xeyirxah böyüsünlər".