Dünya hələ də Ermənistan əsgərlərinin Azərbaycana qanunsuz gəlişinə göz yumur

14 Oktyabr 2015 09:00 (UTC+04:00)

"Keçən ay düşmənin növbəti təxribatının qarşısı alındı. Bizə qarşı böyük təxribat hazırlanırdı, çoxsaylı diversantlar artıq təşkil olunmuş və səfərbər edilmişdi ki, Azərbaycanın mövqelərinə hücum çəksinlər. Bizim ordumuz o təxribatın qarşısını aldı. Preventiv zərbə vurmaqla düşmənə çox böyük ziyan yetirdi və bir çox işğalçılar məhv edildi. Əlbəttə ki, Ermənistan tərəfi dərhal həmişə olduğu kimi, hay-haray qaldırdı. Ancaq burada təbii sual yaranır, işğalçılar hansı ərazidə həlak oldular? Ermənistandamı? Xeyr, bizim torpağımızda. İşğal edilmiş torpaqlarda. Sual olunur, onların orada nə işi var? Özü də orada ölənlərin mütləq əksəriyyəti Ermənistan vətəndaşlarıdır, heç Dağlıq Qarabağ sakinləri deyil. Yəni, Ermənistan ordusu bizim torpaqlarımızda işğalçılıq siyasəti aparır. Bu, gün kimi aydın bir məsələdir. Əfsuslar olsun ki, bunu beynəlxalq ictimaiyyət, vasitəçilər görmək istəmirlər və işğalçıya ciddi siqnallar göndərilmir. Ona görə, onlar azğınlaşıblar və bizə qarşı müxtəlif təxribatlara əl atırlar. Ancaq hər dəfə onların təxribatları iflasa uğrayır. Necə ki keçən ilin noyabrında bizim mövqelərimizə hücum edən helikopter məhv edildi. Bu ilin sentyabr ayında böyük itkilər verdilər və hər dəfə biz onların cəzasını verəcəyik". Bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.

Həqiqətən də, hər şey göz önündə olduğu halda Ermənistan vətəndaşlarının Azərbaycan ərazilərinə qanunsuz olaraq gəlməsinə beynəlxalq ictimaiyyət hələ də lazımı reaksiya vermir.

Millət vəkili Elman Məmmədov Azərbaycan ərazisinə Ermənistan vətəndaşlarının qanunsuz olaraq gəlməsinə dünya birliyinin göz yummasını onların ermənipərəst olmalarında gördü: "1988-ci ildən konflikt başlayandan Dağlıq Qarabağda həmişə Ermənistandan gəlmiş müxtəlif siyasi və silahlı qruplar mövcud olub və fəaliyyət göstəriblər. Azərbaycan torpaqlarının işğalında da Ermənistan Respublikasının silahlı qüvvələri birbaşa olaraq iştirak edib. Yəni, Ermənistan ordusu Azərbaycan torpaqlarını işğal edib.

O vaxt Xankəndi şəhərində dislokasiya olunan sovet ordusuna məxsus 366-cı motoatıcı alayın köməyi və iştirakı ilə bu işğal həyata keçirilib. Eyni zamanda onlara birləşərək kömək edən başqa qüvvələr, xarici ölkələrdə fəaliyyət göstərən müxtəlif erməni terror təşkilatlarının, "Asala"nın silahlı dəstələri də olub. Dağlıq Qarabağda yaşayan ermənilərin say və imkanları həmin bölgə ətrafında yerləşən yaşayış məntəqələrini işğal etməyə, buradan azərbaycanlıları çıxarmağa belə çatmırdı. Bu işğal prosesinə, bütün hərbi əməliyyatlara rəhbərlik edən, hərbi əməliyyatları aparanlar Ermənistan Respublikasının ordusu olub. Hazırda da Azərbaycanın işğal olunmuş ərazilərində, səngərlərdə olan döyüşçülər Ermənistan ordusunun döyüşçüləridir. Yəni, Azərbaycan torpaqlarını işğal altında saxlayan Dağlıq Qarabağdakı separatçı qurum və ona məxsus quldur dəstələri deyil. Orada onlar da var. Ancaq əsas qüvvə Ermənistan ordusudur. Bu isə birbaşa Azərbaycana qarşı Ermənistanın apardığı müharibə və işğal kimi qiymətləndirilməlidir. Bunu BMT, ATƏT, bu qurumun Minsk qrupunda vasitəçiləri olan dövlətlər, NATO, Avropa Şurası, Avropa İttifaqı da gözəl bilir. 1993-cü ildə BMT-nin qəbul etdiyi 4 qətnamədə qeyd olunan cümlələrə fikir versək, görərik ki, orada da birbaşa olaraq, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır sözləri yazılıb. Yəni, burada erməni silahlı dəstələrindən söhbət getmir, Ermənistan silahlı qüvvələrindən söhbət gedir. Belədə BMT etiraf edir ki, Azərbaycan ərazilərini Ermənistan işğal edb və buradakı işğalçı ordu da ona məxsusdur.

Cənab Prezident İlham Əliyev də təxminən 1 il öncə Avropada olarkən çıxışında Ermənistan əsgərinin Azərbaycan ərazilərində nə işi var ki, gəlib burada da ölsün fikrini səsləndirmişdi. Baş vermiş bu olay bir sübutdur, yəni, işğal faktı ortalıqdadır, onu bütün beynəlxalq təşkilatlar, dövlətlər də bilir. Ancaq təəssüf ki, bilsələr də, işğalçıya qarşı heç bir sanksiya tətbiq etmir və Ermənistandan ordusunun nədən Azərbaycan ərazisində olduğunu soruşmurlar. Burada söhbət hazırda Dağlıq Qarabağda yaşayan 70-80 min ermənidən və onların silahlı quldur dəstələrindən getmir. Söhbət Ermənistan kimi dövlətin, müxtəlif böyük dövlətlərə tərəfindən maliyyələşən, silahlandırılan işğalçı ordunun Azərbaycan torpaqlarını işğal edərək hələ də işğal altında saxlamasından gedir. Cənab Prezident də bunu həmişə deyib, dünənki (iki gün öncəki-red.) çıxışında da bir daha bunu vurğuladı ki, beynəlxalq təşkilatların eşitməyən qulaqları həqiqətin nədən ibarət olduğunu eşitsinlər. Onlar həqiqəti bilir, ancaq özlərini bilməməzliyə vurur, işğalçını müdafiə edir, ona havadarlıq edir, stimullaşdırırlar. Kimisi maliyyə dəstəyi, kimisi silah-sursatla, kimisi də fiziki cəhətdən işğalçıya dəstək olur.

Ermənistan vətəndaşlarının Azərbaycan ərazilərinə qanunsuz olaraq gəlməsinə, ərazilərimizi işğal etməsinə beynəlxalq ictimaiyyətin lazımı reaksiya verməməsinə gəldikdə, onun bütün cavabı bir məqamda birləşir. Həmin beynəlxalq təşkilatlar ona görə belə edir ki, bu yolla məsələnin Ermənistanın xeyrinə həll olunmasını istəyirlər. Onlar ona görə belə edir ki, bugünkü dünya beynəlxalq hüququn meydan oxuduğu, diqtə etdiyi düzənlə getmir, gücün diqtəsilə gedir. Kim güclüdürsə, hüquq, haqq-ədalət də onun tərəfindədir. Bu gün dünyada haqq-ədalət əvəzinə, haqsızlıq-ədalətsizlik, güclünün gücsüzü əzməsi prinsipi üstünlük təşkil edir. Ancaq Azərbaycan heç zaman buna razı olmayacaq. 300 ildir ki, erməni tör-töküntülərini yığıb gətirib Azərbaycan adlanan ərazidə yerləşdiriblər. Burada ermənilər üçün dövlət qurub, onu müdafiə edib, silahlandırıblar. Kömək ediblər ki, vaxtaşırı ermənilər türklərə, azərbaycanlılara qarşı soyqırım törətsinlər. Bu gün də həmin işi davam etdirirlər.

Burada xristian-müsəlman amili də var. Bunu danmaq və ona göz yummaq olmaz. Digər tərəfdən xarici ölkələrin bir çoxu inkişaf etmiş, daxili stabilliyə malik Azərbaycan dövlətinin olmasını istəmirlər. Ona görə də hər vəchlə çalışırlar ki, Azərbaycan dövlətini əzsinlər, ona öz iradələrini diktə edə bilsinlər. Bu yolla ölkəmizi də Suriya, İraq və digər müsəlman ölkələrinin gününə salmağa, malik olduğumuz nə varsa hamısını əlimizdən almağa çalışırlar. Bütün bu fonda da torpaqlarımızın ermənilərə verilməsinə kömək etmək istəyirlər. Beynəlxalq təşkilatlar və iri dövlətlərin məqsədləri budur".