ATƏT hələ də sözdən əmələ keçə bilmir

14 Oktyabr 2015 10:00 (UTC+04:00)

"Hazırda elə məqamdır ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin siyasi həllinə daha çox diqqət yetirməlidir". Bunu Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə birgə keçirdiyi mətbuat konfransında ATƏT-in baş katibi Lamberto Zanyer bildirib. O bildirib ki, vəziyyət olduqca ciddidir: "Hazırda müşahidə etdiyimiz bir neçə insident olduqca təhlükəlidir, ona görə ki, bu kimi hallar bölgədə, eləcə də Azərbaycan-Ermənistan sərhədində qeyri-sabitliyə gətirib çıxara bilər. Bu məsələyə siyasi diqqəti artırmaq lazımdır. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı siyasi təşəbbüslərin irəli sürülməsi vaxtı çatıb".

Siyasi şərhçilər isə baş katibin bu cür fikirlərinə inamsız yanaşırlar. Politoloqların fikrincə, ATƏT sözdən uzağa gedə bilən qurum deyil. Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi elmlər doktoru Hatəm Cabbarlı bildirir ki, son zamanlar həm həmsədrlərin mövqeyində, həm də dünya ictimaiyyətində Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətində müəyyən dəyişikliklər hiss olunur: "Amma bu, Dağlıq Qarabağa probleminin həllində qəti şəkildə yeni amillərin ortaya çıxacağı demək deyil. Əslində, ATƏT baş katibinin çıxışı ciddi və gözəl təşəbbüsdür. Çünki, Dağlıq Qarabağ probleminin həll ediıməsi regionda sülhün, iqtisadi inkişafın yüksəlməsinə təkan verəcək.

Ancaq indiyə qədər Dağlıq Qarabağ probleminin həll edilməsində birtərəfli münasibəti görürük. Belə ki, 20 ildir torpaqları işğal edən Ermənistana qarşı sanksiyalar tətbiq edilməyib. Halbuki, postsovet ölkələrində baş vermiş münaqişələrə diqqət yetirdikdə, bunun tam əksini görə bilərik. Beynəlxalq təşkilatlar, dövlətlər digər münaqişələrlə bağlı obyektiv fikirlər bildirsələr də, Dağlıq Qarabağ probleminin həllində eyni mövqeyi sərgiləmirlər. Bu baxımdan da beynəlxalq ictimaiyyətin, təşkilatların və birbaşa problemin həlli üçün yaradılmış ATƏT Minsk qrupunun 20 illik fəaliyyətinə baxdıqda Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə yaxın və orta müddətdə həllolma ehtimalı olduqca zəifdir. Zəif olmasının səbəblərindən biri də Ermənistanın destruktiv mövqe nümayiş etdirməsi, havadarlarının sayəsində Azərbaycanın barış təklifini dəyərləndirməməsidir. Problemin həll olunmasında bu günə qədər verilən təkliflər Azərbaycanı qane etmir. Azərbaycan məsələnin ərazi bütövlüyü çərçivəsində həll olunmasını ən ali tribunalardan dilə gətirib. Ancaq nədənsə, Azərbaycanın haqlı təklifi hələ də diqqətə almır, bu istiqamətdə real addımlar atmırlar".

Digər politoloq Rasim Ağayev isə bu fikirlərə görə elə ATƏT-in özünü tənqid etdi: "ATƏT bu və ya digər formada özünün hörmətli, düşüncəli münasibətini həmişə bildirib. Sadəcə olaraq, öz fikirlərini həyata keçirmək üçün ATƏT-də lazımi mexanizmlər yoxdur.

Sadəcə, pafoslu söz deməklə məsələ bitmir. Sual etmək lazımdır ki, bu vaxta qədər Dağlıq Qarabağ proleminin həllinə daha çox diqqət yetirmək üçün ona kim mane olub? Təəssüf ki, nə ATƏT, nə də Avropa ölkələri bu hadisəyə vaxtında lazımı qiymət vermədilər. Onlar elə başa düşürdülər ki, əsas məsələ SSRİ-ni dağıtmaqdır, ondan sonra bütün problemlər düzələcək. Ancaq SSRİ dağılandan sonra məlum oldu ki, postsovet məkanında Qarabağ probleminin bir neçə bənzəri var. Bütün bunlar beynəlxalq qanunlara zidd olan hərəkətlərdir.

Ermənistan BMT-nin ərazi bütövlüyünü qəbul edən ölkənin torpaqlarını zəbt edib. Bu məsələyə ATƏT-in gücü çatmaz. BMT, Avropa ölkələri Ermənistana dəstək verməməli idilər. İndi də ATƏT, BMT öz qanunlarına hörmət etmirlər. Bu təşkilatlar sözdən o tərəfə keçmirlər. Krım ilhaq ediləndə Rusiyaya qarşı sanksiya tətbiq edildi. Bəs, niyə Ermənistana həmin sanksiyalardan biri tətbiq edilmir? Yəni, beynəlxalq ictimaiyyətdə hadisələrə ikili yanaşma var. Avropa Azərbaycandan Avropa standartlarına uyğun olmasını tələb edir. Ancaq Ermənistana qarşı eyni tələbi müşahidə etmirik".