Azərbaycan regional təhlükəsizliyin əsas təminatçısıdır

14 Oktyabr 2015 10:45 (UTC+04:00)

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib ki, Azərbaycan bu gün güclü ölkədir, iqtisadi və siyasi sahədə böyük uğurlara imza atıbdır: "Regional təhlükəsizlik məsələlərində Azərbaycan çox müsbət rol oynayır. Azərbaycan sabitləşdirici amildir. Bizim iştirakımız, razılığımız olmadan bölgədə heç bir layihə icra edilə bilməz".

Qeyd olunanlara baxmayaraq, Qərbdə bəzi qüvvələr hələ də Azərbaycana qarşı qərəz sərgiləmək siyasətindən əl çəkmirlər. Halbuki anlamırlar, yaxud da bilərəkdən anlamaq istəmirlər ki, Qərbin özünün enerji təhlükəsizliyində mühüm rol oynayan, lazımı anda onlara yardım əlini uzadan ölkələrədn biri də məhz Azərbaycandır. Politoloq Mais Gülalıyevin fikrincə, Azərbaycanın inkişaf etməsi, onun bölgədə mühüm rola malik olması fonunda Qərbin ölkəmizin müstəqil siyasət yürütməsinə qarşı çıxması ondan xəbər verir ki, bugünkü Avropaya Cənubi Qafqazda inkişaf etmiş heç bir ölkə lazım deyil: "Bu mövqe Avropanın Azərbaycana qarşı siyasətinin mahiyyətini təşkil edir. Avropanın xarici siyasətinin mahiyyətində o dayanır ki, nə qədər mümkündürsə, digər ölkələri özlərindn iqtisadi, siyasi baxımdan asılı vəziyyətə salsın və mümkün olduğu qədər də onları idarə edə bilsinlər.

Azərbaycanın Cənubi Qafqazda geniş nüfuza malik olması danılmaz bir faktdır. Regionda heç bir layihə Azərbaycanın iştirakı olmadan müvəffəqiyyətlə reallaşa bilməz. Bu, bir reallıqdır. Digər tərəfdən, Azərbaycan Ermənistan istisna olmaqla, region ölkələri ilə kifayət qədər yaxşı münasibətdədir. Azərbaycanı həmin ölkələrə qarşı qarşıdurmaya cəlb etmək mümkün deyil. Bunun özü də Qərbdə ciddi qıcıq yaradır. Qərb ölkələrinin xarici siyasətində "parçala və hökm sür" siyasəti əsas qayədir. Azərbaycanın yaxın qonşu dövlətlərlə münasibəti normaldırsa, həmin ölkələrə qarşı bizdən istifadə etmək mümkün deyilsə, bu, o deməkdir ki, ölkəmizin siyasəti Avropanın Cənubi Qafqaza yönəlik siyasətilə uyğun gəlmir. Azərbaycan Qərbin diqtəsilə Rusiya, yaxud İrana qarşı hər hansı bir addımlar atmağa hazır olsaydı, belə olan halda Avropa böyük bir məhəbbətlə ölkəmiz barədə yaxşı fikirləri gündəmə gətirər və guya Azərbaycanın mənafeyi nöqteyi-nəzərdən çıxış etdiklərini də iddia edərdilər.

Hazırda açıq şəkildə görünür ki, Avropa Cənubi Qafqazda sülhün, inkişafın, dayanıqlığın, təhlükəsizliyin təmin olunmasında maraqlı deyil. Onlar görürük ki, Yaxın Şərqdə qarşıdurmaların olmasını dəstəkləyir. Bu cür siyasəti eləcə də Cənubi Qafqaza, Orta Asiya ölkələrinə qarşı da həyata keçirməyə çalışırlar. Onlar bir neçə yüz illiklərdir ki, başqa ölkələrə qarşı məhz belə bir siyasəti həyata keçirir. Bütün bunlara baxmayaraq, Azərbaycan müstəqil siyasət yürütməklə öz yolu ilə gedir. Cənab Prezident də son müşavirədə kifayət qədər aydın və real müstəvidən çıxış edərək bildirdi ki, Azərbaycanın inkişaf tempi əvvəlki istiqamətdə davam edəcək. Azərbaycan öz siyasətindən geri dönməyəcək, region ölkələrilə münasibətini də əvvəlki kimi qarşılıqlı əməkdaşlıq və qarşılıqlı hörmət əsasında inkişaf etdirəcək. Daxili və regional sabitliyin qorunmasına bundan sonra da Azərbaycan töhfə verməkdə davam edəcək".

Politoloq Məmməd Əlizadə qeyd etdi ki, Qərbin ölkəmizə qarşı belə mövqe sərgiləməsi onların inkişafımızı gözləri götürməməsilə bağlıdır: "Həqiqətən də cənab Prezidentin dediyi kimi, bu gün Azərbaycan bütün sahələr üzrə sürətlə irəliləyir. Elə bir sahə yoxdur ki, orada inkişaf baş verməsin. Bu inkişafın nəticəsidir ki, ölkəmizin dünyada nüfuzu da durmadan artır.

Hazırda Azərbaycanın iştirakı olmadan heç bir layihə bölgərə reallaşa bilməz. Bu birmənalıdır. Azərbaycan artıq ciddi söz sahibidir, həm də ölkəmiz müstəqil siyasət yürüdür. Qərb ölkələri isə bizim müstəqil siyasət yürütməyimizə, onlarda böhran olmasına baxmayaraq, ölkəmizin inkişaf etməsini qısqanırlar. Onlar görürlər ki, Azərbaycan inkişaf etdikcə, daha artıq dərəcədə söz sahibinə çevrilir. Bu isə onların ürəyincə deyil, qane etmir. Çünki, Azərbaycanın inkişaf etməsilə qarşılarında inkişaf etmiş, stabilliyə malik bir ölkəni görmək istəmirlər. Onlara yalnız elə ölkələr lazımdır ki, lazım gələndə onları da Suriya, İraq və Liviyanın gününə sala bilsinlər. Azərbaycanda isə bu kimi çirkin əməllərini icra edə bilməyəcəklər. Çünki, ölkəmizdə Prezidentlə xalqın möhkəm birliyi var".