Nazir müavini: “Şahdəniz" yatağından hasil ediləcək qaz 8 ölkə arasında artıq bölüşdürülüb"

13 Oktyabr 2015 18:08 (UTC+04:00)

Hasil ediləcək 16 milyard kubmetr qazın 10 milyard kubmetrinin Avropaya, qalan 6 milyard kubmetrinin isə Türkiyəyə ixracı nəzərdə tutulub

"2044-cü ilədək "Şahdəniz" yatağından hasil ediləcək qaz 8 ölkədən 9 şirkətlə 25 illik müddətinə bağlanan müqavilə əsasında artıq bölüşdürülüb". Movqe.az-ın məlumatına görə, bu barədə "Report"a Azərbaycan energetika nazirinin müavini Natiq Abbasov Rusiyanın "news.rambler.ru" saytına Azərbaycanın 2040-cı ilədək hasil edəcəyi qazı artıq satması ilə bağlı yaydığı məlumata aydınlıq gətirərkən deyib.

Qeyd edək ki, Rusiyanın "news.rambler.ru" saytı Natiq Abbasovun sözlərini təhrif edərək "Azərbaycan 2040-cı ilədək hasil edəcəyi və ixrac üçün nəzərdə tutulan qazı artıq satıb" kimi təqdim edib.

Nazir müavini jurnalistin "Türkiyə tərəfi Rusiya qazından imtina etdiyi halda, bunu Azərbaycan qazı ilə kompensasiya etmək olarmı?" sualına cavab olaraq bildirib: "2044-cü ilədək "Şahdəniz" yatağından hasil ediləcək qaz 8 ölkədən 9 şirkətlə 25 illik müddətinə bağlanan müqavilə əsasında artıq bölüşdürülüb. Həmin müqaviləyə əsasən, hasil ediləcək 16 milyard kubmetr qazın 10 milyard kubmetrinin Avropaya, qalan 6 milyard kubmetrinin isə Türkiyəyə ixracı nəzərdə tutulub".

Hər il ölkənin enerji balansının elektrik enerjisi, neft və qaza olan tələbat, istehlakçıların sayının artması və sənayenin inkişafı nəzərə alınaraq müəyyən edildiyini vurğulayan N.Abbasov deyib ki, gələcəkdə bu tələbatın təmin edilməsindən əlavə, qaz hasil ediləcəyi təqdirdə təbii ki, onun ixracı da mümkün ola bilər.